EN

Putin Lavrovu qovmağa hazırlaşır? XİN rəhbəri “günah keçisinə” çevrilə bilər

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin etimadını itirib və Kreml rəhbərliyi tərəfindən beynəlxalq səviyyəli danışıqlardan kənarlaşdırılıb. “AzPolitika” bildirir ki, bu barədə “The Moscow Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, 76 yaşlı rus diplomat artıq ölkənin əsas beynəlxalq platformalardakı nümayəndə heyətlərinə rəhbərlik etmir. O, noyabrın 5-də keçirilən və Vladimir Putinin nüvə sınaqlarının bərpası ilə bağlı göstəriş verdiyi Rusiya Təhlükəsizlik Şurasının iclasında da iştirak etməyib. Halbuki Lavrov Şuranın daimi üzvlərindən biridir.

“The Moscow Times” və digər məlumatına görə, Lavrovun bu iclasda iştirak etməməsi təsadüfi deyil. Son aylarda ABŞ ilə aparılan danışıqlarda uğursuz nəticələr, xüsusilə Donald Tramp administrasiyası ilə razılaşdırılmış Budapeşt görüşünün pozulması Kreml rəhbərliyinin narazılığına səbəb olub.

Məlumata əsasən, Tramp və Putin arasında oktyabrda keçirilmiş telefon danışığından sonra Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb, lakin bu danışıqlar gərgin atmosferdə keçib və tərəflər heç bir razılığa gəlməyiblər. “Bloomberg” yazır ki, Rubionun Lavrovla danışıqlardan sonra verdiyi mənfi rəy Trampın “Lukoil” və “Rosneft” kimi rus şirkətlərinə qarşı sanksiya tətbiq etmək qərarına təsir edib.

Bundan sonra Putin G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik missiyasını Lavrovdan alaraq Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinə tapşırıb. Bu qərar Kremlin XİN rəhbərinə inamının azaldığına dair açıq siqnal kimi qiymətləndirilir.

Analitiklər hesab edirlər ki, Lavrovun kənarlaşdırılması Rusiya diplomatiyasında yeni mərhələnin başlanğıcı ola bilər. “United24 Media” yazır ki, Putin yaxın aylarda XİN rəhbərliyində dəyişiklik planlaşdırır və Lavrovun uzun illər davam edən fəaliyyəti “barışmaz mövqeyə görə” tənqid olunur.

Xatırladaq ki, Sergey Lavrov 2004-cü ildən Rusiya Xarici İşlər Nazirliyinə rəhbərlik edir və Qərb mediasında “Mister No” (rus dilində “Mister Net”) ləqəbi ilə tanınır. Bu ləqəbi o, danışıqlarda sərt və uzlaşmaz mövqeyi, həmçinin Qərbin təşəbbüdlərinə qarşı davamlı “yox” cavabları ilə qazanıb.

Ekspertlərin fikrincə, Lavrovun Putinin növbəti “günah keçisi”nə çevrilməsi Kreml daxilində baş verən daxili güc balansının dəyişməsindən xəbər verir. Onun kimlə əvəz olunacağı hələlik məlum deyil.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
azpolitika.info

1Sources