EN

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə xalqım adından və öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu şanlı Zəfərdən sonra həyata keçirilən sülh prosesi çərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşma ilə nəticələnəcəyinə ümid edirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun rifahına xidmət edəcək və Qafqazın qlobal siyasətdə strateji əhəmiyyətini daha da artıracaqdır.

Azad edilmiş vətən torpaqlarının sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyiş təqdirəlayiqdir. Bu əlamətdar günün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir.

“Bir millət, iki dövlət” prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir.

Güclü təməl üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və bütün sahələrdə nümayiş etdirdiyimiz xüsusi əməkdaşlıq regional sülhün, etimadın və sabitliyin ən vacib sütunlarından birinə çevrilmişdir.

Şübhəsiz ki, Sizin müdrik rəhbərliyinizlə can Azərbaycanın əldə etdiyi nailiyyətlər bundan sonra da regionumuzun çiçəklənməsinə əhəmiyyətli töhfələr verəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost və qardaş Azərbaycan xalqına xoş günlər və rifah arzulayıram".

Chosen
6
49
anews.az

10Sources