EN

YORULMUŞ VƏ GÖZDƏN DÜŞMÜŞ Putin Lavrovu yaxın zamanda yola sala bilər

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Son günlər Rusiyanın ən uzunömürlü nazirlərindən biri, 23 ildir Xarici İşlər naziri vəzifəsini daşıyan Sergey Lavrovun Kremlin “gözündən düşdüyü” barədə məlumatlar yayılır. Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri dünya diplomatiyasının ən arzuolunmaz, “izqoy” və hörmətsiz fiqurlarından birinə çevrilən 75 yaşlı Lavrovun artıq Vladimir Putin başda olmaqla, Rusiya rəhbərliyi üçün də “persona non grata”ya çevrildiyi iddia olunur. Bunu Rusiya teleqram kanalları və xaricdəki media orqanları israrla bildirirlər.

Bu iddiaların heç də əsassız olmadığını göstərən bir sıra əlamətlər var. Məsələn, Lavrov 5 noyabrda Vladimir Putinin sədrliyi ilə keçirilən Rusiya Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib. İclasda Putin nüvə sınaqlarının bərpası ilə bağlı təkliflərin nəzərdən keçirilməsini tapşırıb. Lavrov Təhlükəsizlik Şurasının həmin iclasını buraxan yeganə daimi üzv olub. "Kommersant" öz mənbələrinə istinadla xəbər verir ki, nazir iclasda "razılaşma əsasında iştirak etməyib".

Bundan əlavə, Lavrov G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik etməkdən kənarlaşdırılıb. Bunu Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Onun sözlərinə görə, bu il həmin vəzifəni Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin tutacaq. Peskov deyib ki, Putin bu qərarı şəxsən özü verib. Bu, Lavrova olan münasibətin dəyişməsinin ən yüksək səviyyədə təsdiqi sayıla bilər.

Bundan əlavə, son illərdə Lavrovun rəhbərlik etdiyi Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitindəki nümayəndə heyətinə də yeni rəhbər təyin olunub - Baş nazirin müavini Aleksey Overçuk.

Lavrovun "gözdən düşməsi" xüsusilə Putinin Budapeştdə ABŞ Prezidenti Donald Trampla görüşünün pozulmasından sonra başlayıb. Qərb mediası bildirib ki, görüşün ləğvi Rusiya Xarici İşlər naziri ilə ABŞ Dövlət Katibi Marko Rubio arasında söhbətdən qaynaqlanıb. Məhz bu söhbətdən sonra ABŞ administrasiyası Moskvanın danışıqlara hazır olmadığına qərar verib və Trampa Putinlə görüşməmək tövsiyə edilib. Hansı ki, Lavrovun vəzifəsi əksinə, görüşün baş tutmasına və beləliklə də Tramp administrasiyasının başını bir müddət də qatmağa nail olmaq idi. Lakin Lavrov özündənrazı və yekəxana münasibəti və danışıqları ilə bunun tam əksinə nail olub.

Vəziyyətlə tanış olan mənbə “Financial Times” qəzetinə bildirib ki, "Lavrov açıq-aydın yorğundur və Prezident Putinin nə istəməsindən asılı olmayaraq, ABŞ ilə görüşün təşkilindən daha vacib işlərinin olduğunu düşünür".

Nəşr həmçinin Rubio ilə Lavrov arasındakı söhbətdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtona Ukrayna ilə bağlı maksimalist tələbləri özündə əks etdirən memorandum göndərdiyini bildirib. Bu memorandum da lavrovun “əsəri” və Tramp-Putin görüşünü əngəlləyən səbəblərdən biri sayılır.

Rusiya Xarici İşlər Nazirliyi isə özünü müdafiə edərək rəsmən bildirib ki, bu, memorandum deyil, sadəcə tərəflərin mövqelərini qeyd edən sənəddir və Trampla Putin arasındakı telefon danışığından əvvəl Vaşinqtona göndərilib. Buna görə də, bu sənəd danışıqların pozulmasına səbəb ola bilməzdi.

Rusiyada tanınan "Nezıqar" Telegram kanalı iddia edir ki, Putin Trampla Budapeşt görüşünün ləğvindən sonra Lavrovla “ciddi söhbət edib”. Bəzi Kreml rəsmiləri isə hətta naziri sabotajda ittiham ediblər.

"Lavrov hazırda açıq-aydın depressiyadadır; o, özünü intriqanın mərkəzində tapıb. Və çoxları Lavrovun Şoyqunun izi ilə getdiyinə inanır. O, açıq-aydın Putinin gözündən düşüb və zəif görünür - Rusiya Xarici İşlər Nazirliyi günahsızlığını sübut etmək üçün ictimaiyyətə açıqlamalar verməyə məcburdur", - “Nezıqar” özünün hakimyyətdəki mənbələrindən birinə istinadla yazıb.

"Kompromat GRUPP" Telegram kanalı isə qeyd edir ki, Overçuk və Oreşkinin ASEAN və G20 sammitlərinə nümayəndə heyətlərinin rəhbərləri təyin edilməsi Rusiyanın bu tədbirlərdə iştirak səviyyəsini endirir. Həmçinin, kanal iddia edir ki, Lavrovun bu heyətlərin rəhbərliyindən kənarlaşdırılması ona qarşı münasibətin kəskin dəyişməsindən xəbər verir. Hətta onun idarəsində yoxlamaların keçiriləcəyi və vəzifəsindən atılacağı gözlənilir.

Bir sözlə, Rusiyanın riyakarlığı və imperiya ədaları ilə seçilən hazırkı XİN başçısı heç də karyerasının ən yaxşı günlərini yaşamır. Putin qarşısındakı bütün xidmətlərinə və Kremlin yalan narrativlərini beynəlxalq ictimaiyyətə yedirmək cəhdlərinə rəğmən, onun yaxın zamanlarda vəzifəsindən kənarlaşdırılacağını qətiyyən istisna etmək olmaz. Ancaq maraq doğuran suallardan biri də odur ki, Lavrov “vurulacağı” təqdirdə, onun öz miskin personası ilə ondan heç də geri qalmayan mətbuat katibi Mariya Zaxarovanın halı necə olacaq…

C.Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
azpolitika.info

1Sources