EN

Braziliya Qran-Prisində fırtına yaxınlaşır

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Braziliya Qran-Prisi öncəsi şənbə günü üçün nadir hallarda rast gəlinən 4-cü səviyyəli yağış xəbərdarlığı yayıb.

90deqiqe.Az xəbər verir ki, cümə günü “İnterlaqos” trasında əsasən quru hava şəraiti gözlənilir. Bu, pilotlara sprint təsnifat mərhələsindən əvvəl sərbəst yürüşlər zamanı trasda daha çox vaxt keçirmək imkanı verəcək. FİA az miqdarda yağıntı ehtimalını istisna etmir, lakin onların çox zəif olacağı bildirilir.

Bununla belə, şənbə gününə olan hava proqnozu tamamilə fərqlidir. FİA-nın rəsmi açıqlamasına əsasən, 3 və 4-cü səviyyəli yağış ehtimalı mövcuddur ki, bu da təşkilatın sistemində maksimal göstərici sayılır.

Proqnozlara görə, yerli vaxtla saat 9:00-a qədər güclü leysan və ildırım hadisələri gözlənilir. Yağıntının tras ərazisinə çatma ehtimalı 80 faiz qiymətləndirilir. Daha sonra yağışın zəifləyəcəyi gözlənilsə də, şənbə boyunca 2–3-cü səviyyəli yağıntılar davam edəcək.

Bu vəziyyət əsas təsnifat mərhələsinin nəm şəraitdə keçirilməsinə səbəb ola bilər. Həmçinin şənbə günü güclü külək də müşahidə ediləcək — sprint zamanı 75 km/saat, təsnifat mərhələsində isə 65 km/saat-dək külək gözlənilir.

Qeyd edək ki, San-Paulu bölgəsinin hava şəraiti dəyişkənliyi ilə seçilir və vəziyyət qısa zamanda tam dəyişə bilər.

Chosen
84
90deqiqe.az

1Sources