EN

Rusiya Azərbaycanla bağlı bəyanat verdi

BAKI, 7 noyabr. TELEQRAF

“2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) həmin razılaşmaların 5 illiyi ərəfəsində yaydığı bəyanatda deyilir.

Nazirlik qeyd edib ki, üç ölkə liderlərinin uzunmüddətli danışıqları qan tökülməsinə son qoyub və regionda dinc həyatın bərpasına yönəlmiş tədbirlər kompleksini işə salıb.

XİN iddia edib ki, bəyanata əsasən yerləşdirilmiş “Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsi və təhlükəsizliyin təmin edilməsinə əvəzsiz töhfə verib”.

Bildirilib ki, sonradan üç ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlərlə bağlı daha üç bəyanat qəbul edilib:

“Ümumilikdə bu dörd bəyanat yüksək səviyyədə sülh prosesinin yol xəritəsini təşkil edir. Bu razılaşmalar qüvvədə qalır və öz aktuallığını itirməyib. Üçtərəfli formatda formalaşdırılmış mühüm əsaslardan Azərbaycan və Ermənistan tərəfləri birbaşa dialoq çərçivəsində aktiv şəkildə istifadə edirlər”.

Bəyanata görə, bu razılaşmadan 5 il sonra Bakı və İrəvan normallaşma prosesinin geridönməz olması üçün sülh sazişinin imzalanması, Cənubi Qafqaz ölkələri və onların qonşuları üçün faydalı olacaq nəqliyyat və iqtisadi əlaqələrin bərpası, dövlət sərhədinin ədalətli delimitasiya və demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində səmərəli təmasların qurulması baxımından hələ çox iş görməlidir.

Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan tərəfdaşlarına bütün istiqamətlər üzrə, o cümlədən 3+3 regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, İran, Türkiyə) çərçivəsində hərtərəfli dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Chosen
18
teleqraf.com

1Sources