EN

“Qarabağ” - “Çelsi” oyunu: “Azərbaycan futbolunun gücünün nümayişidir”

Xəbər verdiyimiz kimi, noyabrın 5-də Bakıda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Azərbaycanın “Qarabağ” klubu İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə edib. 

“Qarabağ”ın bu nəticəsini qələbə kimi dəyərləndirən millət vəkili Aydın Mirzəzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, həmin gün stadionda Azərbaycan milli ruhu öz gücünü göstərdi:

“Bilet almağa sadəcə vaxtım çatmadı, oyunu internetdən izlədim və böyük bir qürur hissi keçirdim. Açığını deyim, bir qədər narahatlığım vardı. Çünki “Çelsi” dünya çempionu adı olan, kifayət qədər güclü futbolçuları olan bir komandadır.

Elə onun Bakıya gəlməsinin özü belə Azərbaycan idmanının və futbolunun qələbəsi deməkdir. Belə bir komandaya qarşı heç-heçə etmək, hətta bir neçə dəfə qələbə şansını qaçırmağımız artıq dünya futbolunda yeni bir milli klubun ulduzunun parladığını göstərir”.

Aydın Mirzəzadə qeyd edib ki, bu, Azərbaycan futbolunun gücünün nümayişidir:

“Dünya futbol analitikləri bu gün “Qarabağ”a böyük diqqət yetirirlər. Bu, dövlətin idmana göstərdiyi qayğının nəticəsidir. Eyni zamanda bu, Azərbaycan milli ruhunun gücüdür. Milli ruhu biz cəbhədə göstərdik, torpaqlarımızı işğaldan azad etdik.

Bu gün milli ruh işğaldan azad olunan ərazilərin bərpasındadır, milli ruh Qarabağ Universitetindədir, müxtəlif sahələrimizin inkişafındadır. Milli ruhumuz, eyni zamanda futbolda da özünü göstərir. Hər birimiz Azərbaycanı daha qüdrətli etmək üçün öz vətəndaş vəzifəmizi yerinə yetirsək, dövlətimiz də, xalqımız da daha güclü olacaq”.

Chosen
29
1
cebheinfo.az

2Sources