EN

Macarıstan Rusiya neftini əvəz etməyə hazır olduğunu açıqlayıb

Orbanın Tramp ilə görüşü ərəfəsində MOL şirkəti Rusiyadan idxalın 80 faizini əvəz edə biləcəyini bildirib...

Poliqon xəbər verir ki, Macarıstanın yeganə neft emalı şirkəti olan MOL Rusiyadan idxal olunan xam neftin 80 faizini əvəz etməyə hazır olduğunu bəyan edib. Bu açıqlama baş nazir Viktor Orbanın ABŞ prezidenti Donald Tramp ilə görüşündən bir gün əvvəl Bloomberg Agentliyinə istinadla yayılıb.

Mənbənin məlumatına görə, bu bəyanat Macarıstan hökumətinin Rusiya enerjisindən asılılığını azaltmaq istiqamətində ilk real addımlardan biri kimi qiymətləndirilir. MOL uzun müddət Orbanın mövqeyini dəstəkləyərək Rusiyadan gələn neftin əvəzinin mümkün olmadığını, həmçinin Xorvatiyadan keçən Adria boru kəmərinin ölkənin tələbatını tam ödəyə bilməyəcəyini iddia edirdi. Lakin şirkət indi bildirir ki, “Drujba” kəməri ilə tədarük azaldığı halda, Adria marşrutu vasitəsilə xam neftin 80 faizi təmin edilə bilər. Bununla belə, şirkət bu prosesin ciddi texniki risklər və logistik xərclərlə müşayiət olunacağını vurğulayıb.

Məqalədə qeyd olunur ki, eyni zamanda bu gün Macarıstan ilə ABŞ arasında atom enerjisi sahəsində əməkdaşlıq sazişinin imzalanması da gözlənilir. Saziş çərçivəsində Budapeşt ilk dəfə olaraq Amerika istehsalı nüvə yanacağı almağa və “Pakş” AES-də tullantıların təhlükəsiz saxlanması üzrə yeni texnologiyaları tətbiq etməyə hazırlaşır.

Ekspertlərin fikrincə, bu addım Macarıstanın enerji sektorunda ABŞ-la strateji tərəfdaşlığı gücləndirə və Rusiyadan asılılığını azalda bilər. Bu həm də Orban-Tramp görüşü ərəfəsində Budapeştin Vaşinqtona siyasi jesti kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
65
poliqon.info

1Sources