EN

“Qəzza və Fars körfəzi fonunda ciddi yenilik olmayacaq”

“Qəzza

“ABŞ Prezidenti Donald Tramp xarici siyasətdə açılım tərəfdarıdır. İranla bağlı da yumşaq mövqe sərgiləyir. Ən azından bu cür addım atır. Yanvar ayında ikinci müddətə vəzifəyə başladıqdan sonra Tramp İrana qarşı “maksimum təzyiq” kampaniyasını bərpa etdi, bu kampaniyaya Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq səyləri də daxildir. İki ölkə iyun ayında İran və İsrail arasında 12 günlük müharibədən əvvəl beş raund nüvə danışıqları keçirib. Lakin iki tərəf arasındakı danışıqlarda Tehranın rədd etdiyi, Qərb güclərinin isə silahlanma riskini minimuma endirmək üçün İran torpağında uranın zənginləşdirilməsi məsələsi kimi böyük maneələr var”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Ş.Həsənova deyib ki, Qərb ölkələri, o cümlədən ABŞ uzun müddətdir ki, İranı atom silahı əldə etməkdə ittiham edir, İran isə nüvə proqramının dinc məqsədlər üçün olduğunu israr edir: “Tehran, xüsusən də 2018-ci ildə ABŞ-nin Tehranla beynəlxalq nüvə sazişindən çıxmasından və sərt cəza tədbirlərini yenidən tətbiq etməsindən sonra illərdir davam edən beynəlxalq sanksiyalar altında sarsılır. Sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı, Britaniya, Fransa və Almaniya "snapback" deyilən mexanizm çərçivəsində Tehrana qarşı sanksiyaları bərpa etdi. Tramp isə xarici siyasət addımlarına bir-bir nail olmaq istəyir. Mərkəzi Asiyadan sonra fikrini İrana vermək istəyir. Tramp bildirib ki, İran bir vaxtlar "Yaxın Şərqin zorakısı" olub, lakin artıq "nüvə silahı ehtimalı" yoxdur. İrandan isə eyni, daha dəqiq desək konsolidasiya olunmuş yanaşmanı görmürük. Burada birbaşa bizim regionla bağlı da haçalanmış yanaşmanı vurğulamalıyıq ki, məsələn, TRIPP layihəsinə İran Prezidenti Məsud Pezeşkianın müsbət, İranın Ali Lideri Əli Xameneinin isə tənqidi baxışının şahidiyik. Xamenei eyni dəst-xətti ABŞ ilə davam etdirərək bildirir ki, Vaşinqton İsraili dəstəkləməyə, hərbi bazaları saxlamağa və Yaxın Şərqə müdaxilə etməyə davam etdiyi müddətcə İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil. O, Tehranın yalnız ABŞ-nin İsraili dəstəkləmək də daxil olmaqla, regiondakı siyasətini dəyişdirdiyi təqdirdə ABŞ ilə əməkdaşlığı nəzərdən keçirəcəyini bildirir”.

Politoloqun sözlərinə görə, ABŞ-İran nüvə danışıqlarının bir neçə mərhələsinə ev sahibliyi edən Oman hər iki tərəfi danışıqlara qayıtmağa çağırıb: “Danışıqlar sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıracaq yeni bir razılaşmanın əldə edilməsini hədəfləyir. Xamenei bildirir ki, “ABŞ-nin təkəbbürlü təbiəti təslim olmaqdan başqa heç nə qəbul etmir". İranın xarici işlər naziri Abbas Əraqçi də "Əl-Cəzirə"yə verdiyi müsahibədə Tehranın Vaşinqtonla "danışıqlara girməyə hazır" olduğunu, ancaq yalnız bunun nüvə proqramı ilə bağlı olduğunu və raket imkanları ilə bağlı hər hansı bir danışıqların mümkün olmadığını bildirib. Araqçi əlavə edir ki, danışıqlar "amerikalılar bərabər əsasda və qarşılıqlı maraqlara əsaslanaraq danışıqlara hazır olduqda bərpa edilə bilər. Görünür, onlar tələsmirlər. Biz də tələsmirik". Bir halda ki, Xamenei həmin fikirləri məhz Qərbin dəstəklədiyi Şah rejimini devirən İslam İnqilabından sonra 1979-cu ildə ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünü qeyd etmək üçün Tehranda tələbələrlə keçirilən görüşdə səsləndirdi, deməli, hələ ki, fundamental dəyişən diplomatik dinamikadan, Qəzza və Fars körfəzi fonunda ciddi yenilik olacağından xəbər vermir. Hələ üstəlik, o faktı da əlavə etsək ki, İsrail də Qəzza məsələsində gözlənilən və arzuolunan addımlar atmır”.

Röya İsrafilova

Chosen
8
1
xalqcebhesi.az

2Sources