Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxışında bildirib ki, xalqımız bu il Şanlı Zəfərin 5 illiyini böyük qürur hissi ilə qeyd edir. Onun sözlərinə görə, 5 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başlayaraq düşmən tapdağında olan torpaqlarımızı azad edib:
“Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi. Xalq öz Ordusu və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşdi. Biz dünyaya sübut etdik ki, döyüşməklə bərabər, qurub-yaratmağı da bacarırıq. Bu gün gənclərimiz şanlı Zəfəri fəxrlə təbliğ edir, qəhrəmanlarımızın xatirəsini yaşadır”.
“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxışında qurumun Vətən müharibəsi və ondan sonrakı dövrdə həyata keçirdiyi layihələrdən danışıb. O, gənclərin milli dəyərlər, vətənpərvərlik və ictimai məsuliyyət mövzularında maarifləndirilməsinin önəmini vurğulayıb.
Tədbirin davamında “Qələbəyə doğru atılan addımlarla” adlı panel müzakirə keçirilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun moderatorluğu ilə baş tutan paneldə Milli Məclisin üzvü Nizami Səfərov, Vətən Müharibəsi Qəhrəmanı, Xəzər Dəniz Gəmiçiliyinin şöbə rəisinin müavini Zaur Hüseynov, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova və Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, telejurnalist İlham Tumas çıxış ediblər.
Panel iştirakçıları Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu Qələbə xalqımızın milli birliyinin, azadlıq iradəsinin və ordumuzun qəhrəmanlığının təntənəsidir.
Tədbirin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin əziz xatirəsini anmaq, qazilərə hörmət və minnətdarlıq hisslərini təbliğ etmək, eləcə də gənclərin ictimai fəallığını və milli birlik dəyərlərini möhkəmləndirmək olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.