EN

Vəkil deputatın təklifini tənqid etdi: Bu məsələ onları narahat edirsə…

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda icra olunmamış məhkəmə qərarlarının sayı açıqlanıb. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı 1 milyon 200 mindən artıq icra olunmayan məhkəmə qərarının olduğunu açıqlayıb.

Deputat bildirib ki, həmin qərarların 420 mini bank sahəsi ilə bağlıdır: "80 faizi isə problemli kreditlərlə əlaqədardır. Təklif edirəm ki, təminatsız kreditlərin verilməsi dayandırılsın, çünki bu, əhaliyə yaxşılıq deyil, pislikdir".

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında deputat Zahid Orucun təklifini absurd hesab etdiyini bildirib:

"Necə yəni təminatsız kredit verilməsin? Birincisi, harada qeyd olunub ki, ancaq təminatsız kreditlər üzrə məhkəmə qərarları icra olunmur? Xeyr, bəzən təminatlı kreditlər üzrə məhkəmə qərarları da icra olunmur. Təminatlı nəyə deyir? Zamin təminatdır. Zaminlə, girovla illərlə icra olunmayan məhkəmə işləri var. Təminatı olmayan insan niyə kredit götürə bilməsin ki? Burada problem başqadır. Əgər bu məsələ deputatları narahat edirsə, bütün sivil dünyada olduğu kimi vətəndaşların müflisləşməsi haqqında qanun qəbul etsinlər".

Əkrəm Həsənov hesab edir ki, bu qanundan sonra imkanı olmayan vətəndaş özünü müflis elan edir və icraya da xitam verilir:

"Bizdə vətəndaşın pulu yoxdur, faktiki müflisdir və icra məmuru da işə xitam verə bilmir. Çünki bizdə belə bir institut yoxdur. Odur ki, deputatlar oturub öz işi ilə məşğul olsunlar, dövlətə, ölkəyə, iqtisadiyyata lazm olan qanunları qəbul eləsinlər”.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
1
qaynarinfo.az

2Sources