EN

Qarabağ və Zəngəzurda investisiya layihələri sahibkarlığa geniş meydan açır...


Azərbaycan dünyəvi və demokratik ölkə olmaqla yanaşı, həm də liberal iqtisadiyyata malik bir dövlətdir. Müstəqilliyin ilk dönəmində liberal iqtisadiyyata və yeni iqtisadi münasibətlərə keçid bir qədər ağrılı və çətin olsa da, sonrakı illərdə vəziyyət pozitiv istiqamətdə inkişaf etməyə başladı.

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.

Biznes mühiti ilə bağlı həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır

Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda , ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökümətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir və özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır.

Azad edilmiş torpaqlarda misli görülməmiş işlər görülür

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə böyük investisiya layihələrini icra etməyə imkan verir: “Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək. Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür. Yəni Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər. Yəni, bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir”.

5 il ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyarddan artıq vəsait ayrılıb

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”ləbölüşən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanda həm makroiqtisadi stabillik, həm də maliyyə dayanıqlığı böyük böyük proqramların icrasına imkan yaradır. Cənab Prezidentin AMEA-nın yubley tədbirində qeyd etdiyi kimi, bu gün məhz Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın daxili maliyyə mənbələri hesabına yenidən qurulur. O cümlədən, özəl sektor da bərpa prosesində iştirak edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət rezervləri 83 milyard dollara yaxınlaşıb. Bu da ölkənin ümumi daxili məhsulun həcmindən daha böyükdür. Azərbaycan az saylı ölkələrdən biridir ki, onun dövlət rezervləri ÜDM-nin həcmindən daha böyükdür. Bu da təbii ki, investisiya layihələrinin icrası baxımından yeni imkanlar yaradır. Hər il dövlət büdcəsindən bütövlükdə iqtisadi fəaliyyətə 8 milyard manata yaxın vəsait ayrılır. Bundan başqa ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manatdan artıq vəsait ayrılıb. Bu il 4 milyard, növbəti il əlavə 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatında olan dayanıqlıq bir tərəfdən işğaldan azad edilən ərazilərimizin daha intensiv şəkildə bərpasına və yenidən qurulmasına imkan verir. Başqa bir tərəfdən bu yöndə görülən işlər qeyri-neft sektoru ilə bağlı böyük investisiya layihələrinə şərait yaradır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
33
baki-xeber.com

1Sources