EN

Almaniya 2030-cu illərin ortalarınadək Bundesverin şəxsi heyətini 460 minə çatdırmağı hədəfləyir

Berlin, 7 noyabr, AZƏRTAC

Almaniyanın müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələrinin (Bundesver) yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı islahatlar barədə məlumat verib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, o, ordu ilə bağlı konfransdakı çıxışında islahatların əsas prinsiplərinin Pasxa bayramınadək (aprelin 5-dək) elan olunacağını açıqlayıb. Ordunun çevikliyinin artırılacağını, strukturda modernləşmənin aparılacağını və digər dəyişikliklərin həyata keçiriləcəyini vurğulayan nazir qeyd edib ki, Rusiyanın yeni müharibəyə hazırlaşması fonunda Almaniya vaxt itirə bilməz. İlk mərhələdə hərbi xidmətə cəlb olunanların təlimi, ehtiyat strategiyasının hazırlanması və artım planı üzrə konkret tədbirlər görüləcək. Ordu həm tank, gəmi və təyyarələr kimi böyük texnikalar, həm də innovativ texnologiyalarla təchiz olunacaq.

B.Pistorius vurğulayıb ki, yeni hərbi xidmət qanunu hökumət və parlament arasında müzakirə olunur. Eyni zamanda, ehtiyat qüvvələr əhəmiyyətli dərəcədə gücləndiriləcək, keçmiş əsgərlər hədəfli şəkildə cəlb olunacaq və aktiv xidmət müddətini uzatmaq üçün peşəkar və müddətli həqiqi hərbi xidmət qulluqçularına müraciət ediləcək. Məqsəd Bundesverin şəxsi heyətini 2030-cu illərin ortalarınadək 460 min nəfərə çatdırmaqdır. Hazırda orduda 182 min hərbçi xidmət edir. NATO öhdəliklərini yerinə yetirmək üçün aktiv qüvvələrin sayının 260 minə çatdırılması və 200 min nəfərlik ehtiyat qüvvənin formalaşdırılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, müdafiə bütün dövlət tərəfindən məsuliyyət kimi görülməli, səlahiyyətlər dəqiq müəyyən edilməli və proseslər mütəmadi məşq olunmalıdır. Müdafiə qabiliyyətini gücləndirmək üçün infrastrukturun inkişafını sürətləndirmək də planlaşdırılır. Bu məqsədlə ilin sonuna qədər hazırlanacaq qanun uzun vaxt aparan icazə prosedurlarını və digər bürokratik maneələri aradan qaldıracaq.

Almaniyanın Kansleri Fridrix Merts konfrans iştirakçılarına videomüraciətində ordunun gücləndirilməsi işlərinin qısa vaxtda həyata keçirilməsinin vacibliyini qeyd edərək bildirib: “Biz Bundesveri Avropa İttifaqının ən güclü konvensional ordusuna çevirmək istəyirik. Bu, ölkəmizin ölçüsünə və məsuliyyətinə uyğundur. Biz vaxt itirə bilmərik. Almaniyanı böyük səylər gözləyir”.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
26
1
azertag.az

2Sources