EN

Rambuye rüsvayçılığı: Köçəryan niyə tualetə qaçdı? – Məmmədyarov danışır

“Ermənistanın sabiq xarici işlər naziri Edvard Nalbandyan Parisdə təkbətək görüşdə bildirdi ki, onların üzərində böyük təzyiq var”.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində deyib.

“Nalbandyan dedi, onlar israr edirdilər ki, Ermənistan Qarabağın müstəqilliyini tanısın, amma biz buna getmədik. Mən də ona dedim ki, “Məni qorxudursan? Tanımaq istəyirsən, tanı! Amma sonra hansı üzlə Rusiya, ABŞ və Fransanın qarşısına çıxacaqsan?” Bu, həmin üç ölkənin yanaşmasına zərbə vurmaq deməkdir.

Rambuye görüşü (2006) qırılma nöqtəsi oldu. Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan tualetə getmək bəhanəsi ilə görüşü tərk etdi. Bir neçə saat danışıqlar aparılmışdı.

Mənə elə gəlir ki, 2008-ci ildə Azərbaycan Prezidenti qərara gəldi ki, biz müharibəyə hazırlaşmalıyıq”, – Elmar Məmmədyarov vurğulayıb.

Qeyd edək ki, həmin vaxt KİV diplomatik mənbələrə istinadən danışıqların həddən artıq gərgin keçdiyini və əsas müzakirənin Qarabağın statusu və Kəlbəcərlə bağlı olduğunu yazmışdı.

Rambuye həm də diplomatiya tarixində Ermənistan prezidentinin biabırçılığı ilə də yadda qalıb. Belə ki, İlham Əliyevlə müzakirələrdə iştirak edən Köçəryan daha sonra Dağlıq Qarabağla bağlı mühüm razılaşmanın imzalanmasına az qalmış görüşü tərk etmişdi. Siyasi kuluarlarda Köçəryanın tualetə getmək adı ilə görüş zalından çıxması haqda xəbərlər yayılmışdı.

Rambuye görüşü keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən müzakirələr içərisində ən vaciblərdən hesab edilir. Məhz bu görüş münaqişənin həlli ilə bağlı yeni nəfəs açmalı idi.

Chosen
53
konkret.az

1Sources