ain.az, Azertag portalına istinadən məlumat yayır.
Berlin, 7 noyabr, AZƏRTAC
Almaniya Braziliyanın təşəbbüsü ilə yaradılan tropik meşələrin qorunması fondunu dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts COP30-da çıxışında qeyd edib.
Kansler tropik meşələrin iqlim böhranına qarşı mübarizədə mühüm rol oynadığını vurğulayaraq deyib: “Onlar dünyada ən mühüm karbon anbarlarından biridir və həm insanlar, həm də saysız-hesabsız heyvan və bitki növləri üçün yaşayış məkanıdır. Bu səbəbdən bu gün burada bildirmək istəyirəm ki, Almaniya tropik meşələrin qorunması fondu ilə bağlı təşəbbüsü dəstəkləyir və bu layihənin uğurlu olması üçün əhəmiyyətli vəsait ayıracaq. Tropik meşələrin qorunması və özəl sektordan vəsaitlərin səfərbər edilməsi yalnız Şimal və Cənubdan olan tərəfdaşlarla birlikdə mümkündür”.
Qeyd edək ki, Braziliyanın irəli sürdüyü “Tropik meşələr əbədi olaraq” (TFFF) təşəbbüsünün əsas prinsipi tropik meşələri qoruyan ölkələrin mükafatlandırılması, meşə sahəsini itirənlərin cərimələnməsidir. Qorunan meşə sahəsinin hər hektarı üçün ildə 4 ABŞ dolları məbləğində mükafatın verilməsi, məhv edilən hər hektar üçün isə 140 dollar cərimə nəzərdə tutulur. Məlumatların dəqiqliyi peyk görüntüləri vasitəsilə yoxlanılacaq. Braziliya hökumətinin hesablamalarına görə, fond hər il təxminən 4 milyard dollar vəsait formalaşdıracaq ki, tropik meşələrlə zəngin 74 ölkə bundan faydalana bilər. Gələcək illərdə donor ölkələrin fonda ümumilikdə 25 milyard dollar yatırması, özəl sektordan isə 100 milyard dollar əlavə vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Təşəbbüs indiyədək 50-dən çox dövlət tərəfindən dəstəklənib və bəzi dövlətlər ayıracağı məbləği artıq elan edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.