EN

Belçikanın Lyej hava limanı fəaliyyətini yenidən dayandırıb

Bakı, 8 noyabr, AZƏRTAC

Belçikanın Lyej hava limanının fəaliyyəti yenidən bərpa olunub. Uçuşların dayandırılmasına səbəb pilotsuz uçuş aparatının aşkar edilməsi olub.

AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü ölkənin hava hərəkətinə nəzarət xidməti məlumat yayıb. Bu, həftə ərzində baş verən ikinci oxşar hadisədir.

“Reuters” agentliyinin məlumatına görə, “Skeyes” hava hərəkətinə nəzarət xidməti bildirib ki, hava limanı üzərində pilotsuz uçuş aparatı göründüyü səbəbdən hava limanı təxminən 30 dəqiqəlik bağlanıb.

“Biz hər bir belə məlumatı ciddi şəkildə qəbul etməliyik”, – deyə xidmətin nümayəndəsi Kurt Vervilligen bildirib. O əlavə edib ki, uçuşlar artıq bərpa olunub.

Həftənin əvvəlində Brüssel və Lyej hava limanları üzərində müşahidə edilən pilotsuz uçuş aparatları bir çox gələn reyslərin marşrutunun dəyişdirilməsinə və bəzi uçuşların təxirə salınmasına səbəb olub.

Son günlər Belçika hava limanları və hərbi bazaları üzərində pilotsuz uçuş aparatlarının müşahidə olunması davamlı problemə çevrilib və son aylarda bu hallar bütün Avropa üzrə ciddi ictimai qayda pozuntularına gətirib çıxarıb.

Cümə axşamı günü bir neçə ölkədə hava limanlarının müvəqqəti bağlanmasına səbəb olan bu hadisələrə görə bəzi rəsmi şəxslər Rusiyanı “hibrid müharibə” aparmaqda ittiham ediblər. Moskva isə bu insidentlərlə hər hansı əlaqəsinin olduğunu inkar edib.

Cümə axşamı Belçika hökuməti müdafiə nazirinin “koordinasiyalı hücum” adlandırdığı vəziyyəti müzakirə etmək üçün əsas nazirlər və təhlükəsizlik xidmətlərinin rəhbərlərinin iştirakı ilə təcili iclas çağırıb.

 

Chosen
16
1
azertag.az

2Sources