EN

Samuxda Zəfər Günü qeyd edilib

Samux, 8 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Samux şəhərindəki Heydər Əliyev parkında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Samux Şəhidləri Kompleksi ziyarət olunub. Ardından məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edənlər Zəfər Gününün əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, müasir Azərbaycan dövləti hazırda tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş xalqımız doğma torpaqlarımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin yekununda əldə edilən böyük qələbəni böyük qürur hissi ilə qeyd edir.

Daha sonra bayram konserti təşkil edilib. Vətənpərvərlik mövzusunda mahnılar tədbirə toplaşanlara xoş ovqat bəxş edib. Konsert atəşfəşanlıqla yekunlaşıb.

Chosen
21
1
azertag.az

2Sources