EN

Anomal yüksək su temperaturu çəhrayı delfinlərin kütləvi tələf olmasına səbəb olub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

Aparılan araşdırmalar göstərir ki, bölgədə müşahidə olunan güclü istilik dalğaları və quraqlıq nəticəsində Amazon gölləri demək olar ki, qaynar hovuzlara çevrilib. Bu hövzələrdə suyun temperaturu bəzi hallarda spa-vannalarındakı səviyyədən də yüksək olur.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Amazon göllərindən birində suyun temperaturu 40°C-ni (104°F) keçib. Qızmar günəş və buludsuz səma altında suyun səviyyəsinin kəskin şəkildə enməsi nəticəsində yaranan bu ekstremal şərait yoxolma təhlükəsi altında olan Amazon çəhrayı delfinlərinin və yüksək temperaturlara tab gətirə bilməyən balıq növlərinin kütləvi şəkildə məhv olmasına səbəb olub.

2023-cü ilin sentyabr ayında 200-ə yaxın çay delfininin sahilə çıxması qeydə alınıb. Mamiraya Davamlı İnkişaf İnstitutunun tədqiqatçıları bildiriblər ki, son yüz ildə bölgədə belə hadisə müşahidə olunmayıb: “Bu, tamamilə qeyri-real və həqiqətən dəhşətli mənzərə idi.”

Araşdırmalar göstərib ki, son 30 ildə Amazon göllərinin su temperaturu hər onillikdə 0,3–0,8°C artıb ki, bu da orta qlobal göstəricini üstələyir. Eyni zamanda, göllərin səth sahəsi də azalır: 2024-cü il quraqlığı zamanı Tefe gölünün səth sahəsi təxminən 75 faiz, Badaxoz gölünün isə 90 faiz azalıb.

Qrinviç Universitetinin Davranış Ekologiyası üzrə baş müəllimi Adrian Barnettin sözlərinə görə, iqlim dəyişikliyi hətta Amazon kimi geniş ekosistemlərə ciddi təsir göstərir. Onun fikrincə, bu problemin lokal həlli demək olar ki, mümkün deyil. “Bu miqyasda baş verənlər sistemli yanaşma tələb edir. Problemin kök səbəbi – qazıntı yanacağı tullantıları və qlobal istiləşmənin öz mənbələri ilə mübarizə aparmaq lazımdır”, – deyə alim qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
66
1
azertag.az

2Sources