EN

Əsgərlərimizə şad xəbər - 2026-cı ildən...

Hərbi qulluqçulara mobil cihaz və yeni nömrə verilməsi xidmətin keyfiyyətinə necə təsir edəcək? 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azercell Telekom MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində “Azercell” ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. 

Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq. 2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5 nömrəni “ağ siyahı”ya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. 

Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq. Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. “Azercell” nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.

“Əsgərcell” hərbi xidmətin keyfiyyətinə necə təsir edəcək? 

Oxşar təcrübələr bir sıra ölkələrdə mövcuddur. Məsələn, Türkiyədə hərbi hissələrdə əsgərlərin ailələri ilə əlaqə saxlamaq üçün məhdudlaşdırılmış telefon kabinələri və xüsusi rabitə sistemləri tətbiq olunur. İsraildə təhlükəsizlik məqsədilə əsgərlərə yalnız müəyyən tətbiqlərə və rabitə növlərinə icazə verən xüsusi hərbi telefonlar təqdim edilir. Cənubi Koreyada da xidmət müddətində internetə və sosial şəbəkələrə çıxış ciddi şəkildə nəzarət altındadır, lakin əsgərlərə valideynləri və yaxınları ilə əlaqə saxlamaq üçün müəyyən vaxtlarda məhdud telefon istifadəsi imkanı verilir. Bu təcrübələr göstərir ki, hərbi rabitənin nəzarətli şəkildə təşkili həm təhlükəsizlik, həm də sosial sabitlik baxımından effektiv nəticələr verir.

Azərbaycanın bu istiqamətdə atdığı addım texnoloji yeniliklə təhlükəsizlik tələblərinin optimal şəkildə uzlaşdırılması baxımından müasir və məqsədyönlü təşəbbüs kimi qiymətləndirilə bilər. “Əsgərcell” layihəsi həm əsgərlərin rifahını artıracaq, həm də rabitə təhlükəsizliyinin qorunmasına töhfə verəcək. Bu təşəbbüs uzunmüddətli perspektivdə hərbi xidmətin səmərəliliyinə, intizamın möhkəmlənməsinə və ordunun daxili kommunikasiyasının daha müasir əsaslarda qurulmasına şərait yaradacaq.

 Emin Həsənli

Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a deyib ki, bu, əla təşəbbüsdür. Onun fikrincə, valideynlər övladları ilə əlaqə saxlamaq istəyir: “Əsgərlərin yaxınları var, onların da öz çevrəsindən uzaqlaşması indiki zamanda çətindir. Hətta həbsdə olan insanlar belə telefon vasitəsilə əlaqə saxlayırlar. Bu, indiki şərtlərə uyğundur. Dünyanın bir çox ölkələrində müəyyən imkanlar var ki, hərbçilər ailə üzvləri və yaxınları ilə telefonla əlaqə saxlasınlar. Məsələn, əsgər üçün maraqlıdır ki, ata-anasının, bacı-qardaşının, ailəsinin ad günlərini təbrik etsin, səsini eşitsin. Bu baxımdan çox önəmlidir”.

Ekspert əlavə edib ki, tətbiq edilən qadağalar da məlumdur: “O qadağalar xidmətə mane olur. Burada hərbi və dövlət sirri qorunmalıdır. Bu da detallı nəzərə alınacaq, bütün məsələlər təhlil olunacaq. Bircə məqsəd o olacaq ki, əsgər rahat ünsiyyət saxlasın. Bu rabitə vasitəsinin olmaması əsgərlərdə böyük çətinliklər yaradır. Çox təqdirəlayiq addımdır, vətəndaş məmnunluğu və xidmət üçün çox önəmlidir. Hətta deyərdim ki, bu, xidmətə müsbət təsir göstərəcək. Əsgər davamlı olaraq ünsiyyətdə olacaq, valideynin səsini eşitmək hər iki tərəf üçün çox önəmli haldır. Adı da rəmzi bir addımdır. Bu, doğru bir qərardır”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”




Chosen
49
musavat.com

1Sources