EN

C5+1 formatı aktivləşir

Azərbaycanın ABŞ - Mərkəzi Asiya dialoqunun genişlənməsində rolu yüksək qiymətləndirilir

Bu günlərdə Vaşinqtonda Xəzər hövzəsi region üçün böyük önəm daşıyan mühüm görüş baş tutub. Söhbət Ağ Evdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla  Orta Asiyanın beş ölkəsinin - Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın və Tacikistanın liderləri arasında G5+1 formatı çərçivəsində baş tutan yüksəksəviyyəli görüşdən gedir.  Sammitdə  regional əməkdaşlığın perspektivləri ilə bağlı vacib müzakirələr aparılıb, o cümlədən də Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun) müstəsna önəmi vurğulanıb və bir sıra razılaşmalar əldə olunub.

10 il bundan əvvəl əsası qoyulan C5+1 formatı

ABŞ-la Mərkəzi Asiya dövlətlərinin çoxtərəfli əməkdaşlığını əhatə edən G5+1 formatının əsası 10 il bundan əvvəl qoyulub. Bu platformanın ilk iclası 2015-ci il noyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində keçirib. ABŞ və beş Orta Asiya ölkəsinin yüksək vəzifəli diplomatları görüşərək tərəfdaşlıq və əməkdaşlıq haqqında birgə bəyannamə qəbul ediblər. Ağ Evdə C5+1 formatı beş Mərkəzi Asiya ölkəsinin hökumətlərinin və ABŞ hökumətinin əməkdaşlıq formulu və yaxud regional dialoq platforması kimi dəyərləndirlir. Yeni platforma təşəkkül taparkən “müstəqil, çiçəklənən və qorunan Mərkəzi Asiyaya nail olmaq üçün ABŞ-la bəhs olunan dövlətlər arasında fəaliyyətin koordinasiya edilməsi” əsas məqsəd kimi götürülmüşdü.

Hər nə qədər iqtisadi, hökumətlərin fəaliyyətlərinin əlaqələndirilməsi yönümlü platforma olduğu bildirilsə də, burada geosiyasi məqsədlər də yox deyil. Yeni formatın yaradılması təşəbbüsündən çıxış edərkən Ağ Ev eyni zamanda keçmiş ittifaqdan qopan regionda özünün maraqlarını təmin etmək istəyirdi. Lakin ötən 10 ildə C5+1 formatının fəaliyyətində ciddi bir intensivlik müşahidə olunmayıb. Bunun da əsas səbəbi kimi yenə də geosiyasi amillər göstərilir. Məsələ burasındadır ki, geniş ərazilərə, zəngin enerji resurslarına və mineral ehtiyatlara , nəqliyyat bağlantıları üçün əlverişli coğrafi yerləşməyə malik olan Mərkəzi Asiya regionu həm də digər böyük güclərin - qonşu Rusiyanın və Çinin də maraq dairəsindədir. Məsafə yaxınlığı, qonşuluq amili, tarixən formalaşan əməkdaşlıq ənənələri bu ölkələrin regionda möhkəmlənmələri üçün daha böyük üstünlüklər deməkdir. Yeri gəlmişkən, Çin burada investisiya qoyuluşunu əhəmiyyətli dərəcədə artırıb. Bu bölgədə Rusiyanın fəallığı da yüksək səviyyədədir. Bu və digər amillər, eləcə də Vaşinqton, Pekin və Moskva arasında siyasi ambisiyaların, açıq və gizli nüfuz savaşının olması ABŞ-ın Mərkəzi Asiyada mövcudluğunu genişləndirməyi hədəfləyən C5+1 formatının təxminən 10 il ərzində bir növ passiv qalmasını şərtləndirib.

C5+1 formatı çərçivəsində ikinci yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü Ağ Evdən gəlib. Tramp administrasiyası ABŞ-nin xarici siyasətinə yeni yanaşmalar ortaya qoyur. Burada dünyanın müxtəlif regionlarında ABŞ-ın mövqeyinin gücləndirlməsi xətti xüsusi yer tutur.Yeni administrasiya yaranmış geosiyasi vəziyyəti ABŞ-ın ənənəvi təsir dairəsindən kənarda olan Mərkəzi Asiyada möhkəmlənməsindən ötrü əlverişli fürsət kimi dəyərləndirir. Ağ Ev bununla özünün iqtisadi və siyasi maraqlarını təmin etmək istəyir.  “Biz tərəfdaşlığı möhkəmləndirir, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir və iqtisadi əlaqələri genişləndiririk”, - deyə Tramp liderlərlərin görüşündə bildirib. O, xüsusilə “strateji əhəmiyyətli mineralların” vacibliyini vurğulayıb.

Eyni zamanda, indiki reallıqlar şəraitində qlobal güc mərkəzi olan ABŞ-la əlaqələri möhkəmlətmək Mərkəzi Asiya dövlətlərinin də maraqlarına uyğundur. Sirr deyil ki, bu ölkələr zaman-zaman bəzi güc mərkəzlərinin təhdidləri ilə üzləşirlər. ABŞ ilə iqtisadi əməkdaşlığı genişləndirmək, investisiya qoyuluşunu artırmaq onlar üçün həm də siyasi dəstək, təhlükəsizlik qarantı anlamında qəbul olunur. Təsadüfi deyildir ki, Sammit zamanı region liderləri Trampa açıq şəkildə rəğbətlərini ifadə ediblər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib: “Siz sanki göydən göndərilmiş böyük lidersiniz”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə əlavə edib: “Bizdə sizə sülh prezidenti deyirlər”.

Sammitdə əldə olunan böyük razılaşmalar

Sammit çərçivəsində iqtisadi məzmunlu böyük razılaşmaların əldə olunması diqqət çəkir. Yüksəksəviyyəli görüşdə müzakirələrin əsas mövzusu Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış olub. Qazaxıstanın uran istehsalında lider mövqeyi, Özbəkistanın qızıl ehtiyatları və Türkmənistanın qaz resursları ABŞ üçün strateji əməkdaşlıq imkanlarını artırır.

“Özbəkistan üç il ərzində malların alışı və investisiyalar yolu ilə Amerika iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacaq”. Belə bir açıqlama ilə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında çıxış edib. “Amerika Birləşmiş Ştatları ilə Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi müqavilə imzalandığını elan etməkdən məmnunam.  Növbəti üç il ərzində Özbəkistan əsas Amerika sənaye sahələrinə, o cümlədən vacib minerallar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya, informasiya texnologiyaları və digər sahələrə təxminən 35 milyard dollar, növbəti on il ərzində isə 100 milyard dollardan çox investisiya qoyacaq”, - deyə Tramp vurğulayıb. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib və ABŞ-ın ölkə ilə “uzun və məhsuldar münasibətlərə” sadiq olduğuna əminlik ifadə edib.

ABŞ ilə Qazaxıstan arasında da əməkdaşlıq genişlənir. Hələ bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Nyu-Yorka işgüzar səfəri zamanı iki ölkənin iri şirkətləri 11 sənəd imzalayıb. Sənədlərə əsasən Qazaxıstan iqtisadiyyatına 5,2 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Razılaşmalar nəqliyyat, logistika, enerji, informasiya texnologiyaları kimi strateji əhəmiyyətli sektorları əhatə edir.

Vaşinqtonda baş tutan Sammit çərçivəsində isə Qazaxıstan ABŞ ilə böyük mineral sazişinin bağlandığını elan edib. ABŞ-in “Cove Kaz Capital Group” şirkəti Qazaxıstanla birgə sazişdə 70 faizlik pay əldə edəcək. Sazişin dəyəri 1,1 milyard dollar olacaq. ABŞ İxrac-İdxal Bankı (EXIM Bank) isə 900 milyon dollarlıq maliyyə ayırmaq niyyətini açıqlayıb.

Sammitdə Qazaxıstan, Tacikistan və Özbəkistana toplama 37 “Boeing” təyyarəsinin satılması da razılaşdırılıb.

Həmçinin Qazaxstan Milli Bankı və ABŞ-nin “Visa” transmilli şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Məlumata görə, “Visa” ilə müqavilə rəqəmsal maliyyə infrastrukturunun inkişafı və Qazaxıstan bazarında müasir rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi məqsədi ilə imzalanıb.

Sammit çərçivəsində liderlər səfər zamanı Qazaxıstan və ABŞ arasında dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasını alqışlayıblar. İki prezident arasında Vaşinqtonda keçirilən görüşdə Tramp ABŞ-in Qazaxıstanla çoxşaxəli, genişləndirilmiş strateji tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.

Bütövlükdə, regionun mineral ehtiyatları Vaşinqtonun diqqət mərkəzindədir. Qeyd edək ki, külək turbinlərindən tutmuş, smartfonlara qədər istifadə olunan 17 nadir element Mərkəzi Asiya regionunda mövcuddur.

Zəngəzur Dəhlizi (TRIPP marşrutu) diqqət mərkəzində

5+1 formatında keçirilən yüksəksəviyyəli görüşün  müzakirə mövzularından biri də Zəngəzur Dəhlizi (TRIPP marşrutu) olub. Bəhs olunan marşrutun yaradılması ideyası Azərbaycana məxsusdur. Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan üzərindən maneəsiz nəqliyyat bağlantısını təmin etməklə yanaşı, avrasiyada tranzit daşımalarının optimallaşdırılması baxımından da müstəsna önəm daşıyır. Cari il avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutan görüşdə yeni marşrutun yaradılması ilə bağlı prinsipial razılıq əldə olunub və hazırda zəruri infrastrukturun yaradılması ilə bağlı məsələlər müzakirə olunur. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan yeni nəqliyyat bağlantısının ölkəmizin ərazisindən keçən hissəsində avtomobil yolunun  və dəmiryolu xəttinin inşasını intensiv şəkildə davam etdirir. Hazırda layihələrin icrası  son mərhələdədir.

Vaşinqtonda 5+1 formatında Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun) önəmi bir daha vurğulanıb.  “Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında bir sülh müqaviləsini imzaladı”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib. O bildirib ki, bu səkkiz ayda başa vurduğu səkkiz müharibədən biridir. Bu tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Bu, çox gözəl bir şeydir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşmadır. Bu, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Mən əminəm ki bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq”,- deyə Tramp qeyd edib.

“Qazaxıstan ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu dəstəkləyir”. Bu fikri isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ikitərəfli danışıqları zamanı deyib. Onun sözlərinə görə, TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər.

Əsas yollar Bakıdan keçir

5+1 formatının səmərəli işləməsi böyük dərəcədə burada Azərbaycanın da təmsil olunmasından asılıdır. Ölkəmizin həm ABŞ-la, həm də Mərkəzi Asiya dövlətləri ilə yüksək səviyyədə olan əlaqələri platformanın Azərbaycanla genişlənməsini mümkün edir. Eyni zamanda, əlverişli coğrafi yerləşməsi, müasir nəqliyyat infrastrukturuna malik olması respublikamızı 5+1 formatında diqqət mərkəzinə gətirir. Yeri gəlmişkən, Azərbaycanın vazkeçilməz rolu yüksəksəviyyəli rəsmilər və ekspertlər tərəfindən də etiraf olunur. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hələ bundan əvvəl KİV-ə müsahibəsində Azərbaycanın iştirakının vacibliyinə diqqət çəkərək vurğulayıb: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər”.

ABŞ-da nəşr olunan “The Diplomat” analitik jurnalında dərc olunan “ABŞ və Mərkəzi Asiya: C5+1 nədir?” sərlövhəli məqalədə də Azərbaycanın önəminə xüsusi diqqət çəkilib. Materialda qeyd olunur ki, bu formatda indiyə kimi belə yüksək səviyyədə görüş keçirilməyib. Mərkəzi Asiya respublikaları nadir yer metalları, enerji və su resursları ilə olduqca zəngin bir regiondur. ABŞ-ın bu regiona nüfuz etməsi buradakı dövlətlərin Çin, Rusiya və Avropa İttifaqı arasında balanslaşdırılmış siyasət yürütmələrinə böyük imkanlar yaradacaq. Buradakı faydalı qazıntıları həyata keçirmək üçün ABŞ-ın texnologiyasına və sərmayəsinə böyük ehtiyac var. Yataqların işlənilməsi və dünya bazarına çıxarılması tərəflərin iqtisadi maraqları ilə yanaşı, siyasi maraqlarını da təmin edər. Mərkəzi Asiya respublikalarının Qərb bazarlarına çıxışı isə yalnız Azərbaycan vasitəsi ilə mümkündür. Xəzər dənizinin Azərbaycan sahilində yerləşən Ələt dəniz limanı Qərb bazarlarına çıxışı təmin edən yeganə vasitədir. Azərbaycan Orta Dəhlizin inkişafı üçün geniş infrastruktur layihələr həyata keçirib və tranzit yükdaşımaları üçün əhatəli dəmir yoluna malikdir.

Materialda nəzərə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev regional zirvə görüşlərində fəal iştirak edir, genişlənən Mərkəzi Asiya məkanının ayrılmaz hissəsi kimi Bakının imicini formalaşdırır. Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji kommunikasiyaları sistemi var və bu sistem olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil. Məhz buna görə də amerikalı analitiklərin fikrincə, Azərbaycanın C5+1 formatına daxil edilməsi geosiyasi reallığın tanınması olardı: axı, Mərkəzi Asiya ilə Qərb arasında əsas enerji və ticarət yolları Bakıdan keçir. Belə genişlənmə formatın enerji və investisiya potensialını artıracaq və ona real strateji dərinlik verəcək. Buna görə də Vaşinqton üçün Azərbaycanın müşahidəçi statusu və ya genişləndirilmiş C6+1 konfiqurasiyasında iştiraka cəlb etməsi daha məntiqli addım ola bilər.

Mübariz ABDULLAYEV

Chosen
29
1
yeniazerbaycan.com

2Sources