EN

Soyuqdəymə zənn edilir, amma... - Alimlərdən təhlükəli fəsadlar yaradan virus barədəXƏBƏRDARLIQ

Sinqapur Baş Xəstəxanasının tədqiqatçıları xəbərdarlıq ediblər ki, çox vaxt adi soyuqdəymə ilə səhv salınan respirator-sinsitial virus (RSV) ağır fəsadlara səbəb ola bilər və təhlükəlilik dərəcəsinə görə qrip və COVID-19 ilə müqayisə olunur.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.

"PREPARE" (Program for Research in Epidemic Preparedness And REsponse - Epidemioloji Hazırlıq və Cavab Tədqiqat Proqramı) proqramının alimləri RSV, qrip və COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən on minlərlə hadisənin məlumatlarını təhlil ediblər. Bütün hallarda RSV-yə yoluxma zamanı xəstəliyin ağırlıq dərəcəsi digər virus infeksiyaları ilə bərabər və ya daha yüksək olub.

"Təxminən 5-10 faiz soyuqdəymə simptomları olan pasiyentlər əslində RSV ilə yoluxublar. Bu virus qrip və ya koronavirusa nisbətən daha az rast gəlinir, lakin onun nəticələri eyni dərəcədə ciddi ola bilər", - deyə tədqiqatın aparıcı müəllifi, infeksionist İen Vi bildirib.

Təxminən 13 min hospitalizasiya halını əhatə edən ilk tədqiqatda RSV diaqnozu qoyulan pasiyentlərin təxminən 5 faizi xəstəxanaya yerləşdirildikdən sonra 28 gün ərzində vəfat edib. Bu xəstələrdə ölüm halları və reanimasiya şöbəsinə düşmə tezliyi qriplə xəstələnənlərlə müqayisədə daha yüksək olub. Xəstəliyin gedişatının ağırlığı baxımından RSV, daha əvvəl koronavirusa qarşı gücləndirici vaksin qəbul etmiş pasiyentlərdəki COVID-19 ilə eyni səviyyədə olub.

İkinci tədqiqat göstərib ki, RSV-yə yoluxan hər on xəstədən birində kəskin ürək-damar fəsadları - aritmiyalar, insult, tromboz və ya ürək çatışmazlığı inkişaf edir. Bu göstərici COVID-19 və ya qrip səbəbindən hospitalizasiya olunmuş xəstələrdə qeydə alınandan daha yüksək olub.

Üçüncü tədqiqatda (təxminən 83 min yetkin və 24 min uşaq iştirak edib) müəyyən edilib ki, RSV keçirmiş böyüklərdə ürək-damar və nevroloji fəsadların riski xəstəlikdən sonra 300 günə qədər davam edir.

RSV xüsusilə kiçik uşaqlar, yaşlı insanlar və immun sistemi zəif olan pasiyentlər üçün daha böyük təhlükə yaradır. Bu qruplarda virus çox vaxt ağciyərlərin iltihabına və tənəffüs çatışmazlığına səbəb olur.

"Tədqiqatlarımız göstərir ki, həm uşaqlarda, həm də yaşlı pasiyentlərdə RSV ciddi qısamüddətli və uzunmüddətli fəsadlara gətirib çıxara bilər. Risk qrupuna daxil olan insanlar profilaktika məsələsini həkimləri ilə mütləq müzakirə etməlidirlər", - deyə doktor Vi vurğulayıb.

Mütəxəssislər xatırladırlar ki, RSV və digər tənəffüs viruslarından qorunmağın əsas yolları gigiyena qaydalarına riayət etmək, xəstəlik zamanı digər insanlarla təmasdan çəkinmək və soyuqdəymə simptomları olduqda maska taxmaqdır.(Azərtac)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
6
olaylar.az

7Sources