ABŞ-nin sabiq Prezidenti Cozef Bayden hazırkı dövlət başçısı Donald Trampı ölkəni rüsvay etməkdə günahlandırıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Demokratlar Partiyasının Nebraska ştatında keçirilən tədbirində çıxışı zamanı deyib.
“İstəyirəm ki, anlayasınız, cənab prezident, siz bizim üçün işləyirsiniz, yalnız milyarder və milyonerlər üçün yox. Mən qəzəbliyəm. Burada demokratiyadır, demokratiyada kral olmur, onun hərəkətləri bizi ölkə kimi rüsvay edir”, - Bayden bildirib.
ABŞ administrasiyasının keçmiş rəhbəri Ağ Evin şərq qanadında aparılan söküntü işlərini Trampın bütün ölkəyə yanaşması ilə müqayisə edib:
“Siz onun Ağ Evin şərq qanadına nə etdiyini gördünüz? Bu, onun prezidentlik müddətini əla simvolizə edir”.
Bayden hesab edir ki, Tramp konstitusiya, qanunun aliliyi və demokratiyaya da eyni cür yanaşır.
Xatırladaq ki, Cozef Bayden 2021-2025-ci illərdə ABŞ-nin 46-cı Prezidenti olub. O, ilkin olaraq, ikinci müddət üçün prezident seçkilərində iştirak etmək istəsə də, Trampla uğursuz debatdan sonra seçki yarışından çıxdığını elan etmişdi. Dövlət başçısı vəzifəsi uğrunda mübarizədə onu əvəzləyən Kamala Harris isə 2024-cü ilin noyabrında keçirilən seçkilərdə Trampa məğlub olmuşdu.