EN

"8 Noyabr Zəfəri Cənubi Qafqazda tarixi ədalətin və sülhün rəmzinə çevrildi"

“Böyük Zəfərimizin üzərindən ötən 5 illik periodu təhlil edərkən, əminliklə deyə bilərik ki, bu qələbə Azərbaycanın istər dövlətçilik, istər milli məfkurə, istərsə də milli kimlik baxımından yüksəliş dövrünün başlanğıcı rolunu oynamaqda, ölkəmiz üçün tamamilə yeni bir dövr başlatmaqdadır”.
Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat qeyd edib ki, Cənab İlham Əliyev özünün bu möhtəşəm qələbəsi ilə nəinki Azərbaycan, bütövlükdə Cənubi Qafqazın tarixində ilk dəfə olaraq bu bölgədə sülh və əməkdaşlıq mühiti, həmçinin dayanıqlı sülh üçün perspektivlər açmış, onillərdir azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən və dövlət səviyyəsində realizə olunan cinayətlərə görə qisasımızı almaqla bölgə tarixində ilk dəfə olaraq tarixi ədaləti bərqərar etmiş oldu:
 
“Məhz bu reallıq Bakıya prosesləri Vaşinqton mərhələsinə qədər inkişaf etdirməyə, Cənubi Qafqaz kimi mürəkkəb regionun tarixində ilk dəfə de-fakto sülhün bərqərar olunmasına imkan yaratdı. Bu gün artıq Ermənistan rəhbərliyinin də uzun bir dövrdən sonra etiraf etdiyi kimi, regionda münaqişəli vəziyyət sülhlə əvəz olunub. Bu gün artıq 60 mindən çox insanın 30 il işğal və təcavüzə məruz qalmış, indi isə ən müasir standartlarla yenidən qurulmuş Qarabağ və Şərqi Zəngəzura ləyaqətli qayıdışı təmin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşü zamanı da ifadə etdiyi kimi, "Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq".
 
Qalibiyyətimizin 5-ci ildönümündə qeyd olunanlara münasibətdə formalaşan daha aydın baxış bucağı ilə demək mümkündür ki, 8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, dövlətçilik tariximizdə isə, heç şübhəsiz ki, xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmizdir. Lakin unutmamalıyıq ki, cari region reallığında qələbənin nəticələrinin qorunması yalnız Heydər Əliyev siyasi kursunun davamlılığından birbaşa asılıdır”.
 
Mehin Mehmanqızı
Chosen
38
moderator.az

1Sources