EN

"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl

Azərbaycan intellektual gəncliyi bu gün ölkənin strateji potensialının ayrılmaz hissəsidir. Bu sahənin təməli hələ 1989-cu ildə yaradılmış "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən qoyulub. Daha sonra isə 2001-ci ildə ilk ana dilli intellektual təşkilat "Xəzər İntellektual Gənclər Klubu" fəaliyyətə başlayaraq, milli düşüncəyə əsaslanan intellektual hərəkatın əsasını qoydu.

Bu gün "Xəzər" yalnız bir klub deyil, Azərbaycan gənclərinin milli intellekt məktəbi kimi fəaliyyət göstərir.

Bu sahənin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı ilə söhbətləşdik.

Bu gün intellektual hərəkatın inkişaf strategiyası hansı istiqamətdə qurulmalıdır?

Azərbaycan intellektual hərəkatının inkişafı, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasətinə söykənir. Bu siyasət "Azərbaycan Respublikasında Gənclər siyasəti haqqında" Qanunla hüquqi müstəvidə təsbit olunub və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymaqdadır. "Azərbaycan Respublikasının Gənclər siyasəti haqqında" Qanun bu sahənin ideoloji əsasını təşkil edir. Bu qanunun 5-ci maddəsində göstərilir ki, "dövlət gənclərin intellektual potensialının inkişafı üçün zəruri şərait yaradır". Bu maddədəki prinsip artıq real layihələr və proqramlarla həyata keçirilməkdədir. Məhz bu hüquqi baza üzərində biz bu gün ölkə üzrə geniş intellektual sistemin formalaşdığını görürük. Gənclər evlərində, universitetlərdə, məktəblərdə və regional mərkəzlərdə müxtəlif liqalar, turnirlər və maarifləndirici intellektual oyunlar keçirilir. Ən vacibi isə dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqətdir. Cənab Prezidentin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, intellektual oyunlar ölkə gəncliyinin potensialını ortaya çıxaran əsas vasitələrdəndir. Bu, o deməkdir ki, intellekt artıq milli prioritet səviyyəsinə yüksəlib. Lakin bu diqqətin davamlı və institusional şəkildə təmin olunması üçün, məncə, intellektual hərəkatın dövlət proqramı çərçivəsində ayrıca istiqamət kimi formalaşdırılması, intellektual gənclərimizə veriləcək ən ali dəyər olardı. Düşünürəm ki, növbəti dövlət proqramlarında intellektual oyunlara ayrıca bənd həsr edilməsi bu hərəkatın inkişafını daha sistemli şəkildə təşkil etməyə imkan verər. – Azərbaycan gəncləri ən çox hansı intellektual oyunlara maraq göstərir? Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə hər yerdə fərqlənib. Son illərdə intellektual oyunlara maraq kütləvi xarakter alıb. Ən çox sevilən oyun, təbii ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunudur.

Chosen
10
7
aznews.az

8Sources