EN

Zəfər günümüz mübarək, AZƏRBAYCAN!

Əziz xalqım, qəhrəman əsgər və zabitlərimiz, igid qazilərimiz, müqəddəs şəhid ailələri!

Biz hamımız bu gün qürurla, sevinclə, eyni zamanda xatirələrlə dolu bir duyğu içindəyik.

8 Noyabr – Zəfər Günü! Bu tarix, Azərbaycanın təkcə torpaqlarının deyil, həm də milli ruhunun, milli qeyrətinin azad edildiyi gündür.

1992-ci ildən bu yana çox uzun, çox ağır illər keçdi,o illərdə mən də gənc bir qız olaraq hərbi xidmətə yollandım və bu xidmət illərimdə nələr görmədim ki?..

O illərdə Qarabağdan gələn xəbərlər hər evin qəlbini yandırırdı.

O torpaqlarda qalan daşların, dağılan evlərin, şəhid olan oğulların, göz yaşlarını içində gizlədən anaların acısı bizim yaddaşımıza həkk olundu.

Bu illər ərzində nə qədər yaralı, nə qədər şəhid gördüm...

Neçə ocağın sönməsinə, neçə gəncin torpaq qucaqlamasına şahid oldum.

Amma bir xalq olaraq bütün bu ağrılara baxmayaraq, heç bir zaman ümidimizi itirmədik.

İllərlə o torpaqların qoxusunu xəyallarda duyduq, “Vətən” kəlməsini sinəmizdə yara kimi gəzdirdik.

Hər bir atanın duasında, hər bir ananın göz yaşında o torpaqlara dönüş həsrəti və üstümüzə ala bilmədiyimiz qara bir ləkə vardı.

Və nəhayət, 2020-ci ilin payızında tarix yenidən yazıldı və mənə də nəsib oldu o tarixi döyüşlırdə içtirak etmək. Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində 30 illik həsrətə son qoydu. Bu, igidlərimizin qanı, xalqımızın birliyi, şəhidlərimizin müqəddəs canı bahasına qazanılmış bir ZƏFƏR idi.

Bu gün azad Qarabağda ucalan bayrağımız sadəcə bir rəmz deyil — o, xalqımızın qürurunun, əzminin, səbrinin simvoludur.

Şuşa səslənəndə, sanki hər bir azərbaycanlının ürəyi eyni ritmlə döyünür. Çünki biz o günü göz yaşlarımızla, dualarımızla, inamımızla çağırmışdıq.

Zəfər Günü — bir xalqın “mümkünsüz” deyilənə necə “bəli, mümkündür” dediyinin sübutudur.

Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə minnətdarlıqla, ordumuza qürurla baxırıq. Çünki bu Zəfər təkcə bir hərbi qələbə deyil — bu, mənəvi dirçəlişin, bir millətin yenidən doğuluşunun tarixidir.

Qarabağ səssiz qaldı o illərdə,

Daşlar, dağlar belə yas tutdu.

Ana torpaq göz yaşını gizlətdi,

Oğullar Vətən deyib getdi.

Bu illər ərzində nə qədər yaralı,

Nə qədər şəhid gördüm mən...

Amma hər şəhidin ruhunda gördüm yenidən doğulan Vətəni, milləti, səmanı.

İndi isə o torpaqlarda səslənir

Azan səsi də, nəğmə də, uşaqların gülüşü də.

Şəhidlərimizin ruhu işıq kimi dolaşır Qarabağın hər bir çiçəyində, hər gülüşündə.

Bu gün səssizcə pıçıldayıram:

Qoy ucalardan uca bayrağımız heç zaman enməsin,

Qoy Vətən sevgisi nəsildən-nəslə

Ürək kimi döyünsün, heç sönməsin! 

Bu gün qürur günümüzdür — 8 Noyabr Zəfər Günü!

Bu zəfər, illərlə çəkilən ağrıların, göz yaşlarının, duaların cavabıdır. Qəhrəman oğullarımızın mərdliyi, inamı və vətən sevgisi sayəsində bu torpaq yenidən azad nəfəs aldı. 

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizin qarşısında minnətlə dayanır, xalqımıza “Zəfər Gününüz mübarək olsun!” - deyirəm!

Qoy Vətən sevgisi heç zaman sönməsin, qoy üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın!

Zəfərin mübarək Azərbaycan!

Roza Əliqızı

Chosen
43
herbiand.az

1Sources