EN

Gənc rəssamın qələbə naxışları

Vətən müharibəsinin qələbə sədalarını sənətdə əks etdirən gənc rəssamlardan biri də Zəhra İsmayılovadır. Zəhranın hələ uşaqlıq illərindən kağız, qələm və rənglərlə qurduğu xəyal dünyası onun gələcək taleyini müəyyənləşdirib.

İlk peşəkar addımlarını Xalça Muzeyində atan rəssamın sənətə baxışının formalaşmasında bu mədəniyyət ocağı əvəzsiz rol oynayıb. 2018-ci ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub, dekorativ-tətbiqi sənət fakültəsində bədii keramika sahəsi üzrə bakalavr təhsili alıb, hazırda magistratura pilləsini tamamlayır.

Zəhra İsmayılovanın yaradıcılıq palitrası mövzu zənginliyi ilə seçilir. Onun diqqətçəkən əsərləri sırasında “Zəfərin sədası” xüsusi yer tutur. “Savaş və barış” kompozisiyası, “Humayun” əsərləri gənc rəssamın milli ruhlu bu yaradıcılığını əks etdirir.

Rəssamın bu günlərdə Mədəniyyət Nazirliyinin və Rəssamlar İttifaqının təşkil etdiyi Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “Zəfərin rəngləri” sərgisində nümayiş olunan əsərləri sənətsevərlərin böyük marağına səbəb oldu.

Əsərlərinin dərinliyində gizlənən əsas fəlsəfi yanaşmanı, eyni zamanda, gələcək hədəflərini öyrənmək üçün gənc rəssamla həmsöhbət olduq.

– Sənət əsərlərinizdə emosional dərinlik, eləcə də Vətən mövzusuna xüsusi bağlılığınız hiss olunur.

– Sənət mənim üçün daxili dünyamın, hisslərimin və müşahidələrimin ifadə formasıdır. Sözlə ifadə edə bilmədiyim duyğuları rənglərin dili ilə daha asanlıqla kətan üzərinə köçürürəm. Xüsusilə, qədim tariximiz və Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəmizin yaratdığı yüksək hissiyyat məni vətənpərvərlik mövzularına yönəltdi.

Düşünürəm ki, müasir dövrdə sənətdə uğur qazanmaq üçün təkcə istedad yetərli deyil. Zəruri biliklər və texniki icra məharəti tələb olunur. Gənc rəssamın qiymətli işlər ortaya qoyması üçün nəzəri hazırlıq da çox vacibdir. Nəzəriyyə əsəri, sadəcə, baxımlı deyil, həm də düşündürücü edir.

– “Zəfərin sədası”, “Savaş və barış” aktual mövzulara müraciət etməyiniz çətinlik törətməyib ki?

– Şübhəsiz, belə mövzuların öhdəsindən gəlmək gənc sənətçi üçün asan deyil. Vətənə olan məhəbbət və xalqımızın milli irsinə bağlılıq mənə güc və fantaziya verib. Sənət hər şeydən əvvəl, xalqımızın milli ruhunu, çağdaş mübarizəsini gələcək nəsillərə ötürən bir vasitədir. Xüsusilə, 44 günlük Vətən müharibəsi hər kəsin həyatında dərin unudulmaz, izlər buraxıb. O günlər həm qeyrət, həm də sarsılmaz milli birlik zirvəsi idi. Bu tarixi Qələbə gənc sənətkarların da əsərlərinə misilsiz ictimai məna, sənət əlvanlığı gətirib.

“Savaş və barış” kompozisiyası da elə o dövrün mənəvi əhvali-ruhiyyəsinin sənətdəki əksidir. Bu mövzu ordumuzun qəhrəmanlığını əbədiləşdirmək və Qələbə qürurunu yaşatmaq istəyimdən doğuldu. Gənc bir rəssam kimi Vətən sevgisini və milli qüruru sənətin dili ilə uzaq diyarlara çatdırmağa çalışıram.

Bir əsər üzərində işləməyə başlayanda daha çox milli-mədəni irsimizə üz tuturam. İlham mənbəyim isə qədim naxışlarımız, rəmzlərimiz və mifoloji əsərlərdir. Bu elementlər əsərlərimə həm dərinlik, həm də milli ruh gətirir. Ən böyük arzum beynəlxalq sərgilərə qatılmaq və ölkəmizi dünyada layiqincə təmsil etməkdir.

Arzu ƏLİYEVA
XQ

Chosen
47
1
xalqqazeti.az

2Sources