EN

“Zəfər”in mübarək ŞUŞA!

8 noyabr Şuşanın rəmzi olaraq yenidən dünyaya gəldiyi gündür. Bu səbəbdən, mən Şuşanı “Tarixin övladı” adlandırıram.

Başdan-ayağa çözüb qurtara bilməyəcəyimiz sirdir bu şəhər. Yarandığı gündən bəri çox keşməkeşlərdən, sınaqlardan adlayıb, yenidən doğulub. Amma vüqarını itirməyib. Bəzəyi, düzəyi, gözəlliyi də öz yerində... Şuşa hər dəfə də dünyaya yeni bir adla səs salıb. Gah “Xanın qalası” deyiblər ona, gah da Azərbaycanın “Mədəniyyət paytaxtı”, “Kiçik Paris”. “Molla Pənah Vaqifin yurdu”, “Xan qızı Natəvanın vətəni” kimi məhşurlaşıb. Dünyaya Üzeyir Hacıbəyovu bəxş edən Şuşa “Şərqin konservatoriyası” adını qazanıb.

Adı mahnılara düşdü, dillər əzbəri oldu, başındakı duman əzəmət, igidlik rəmzi kimi vəsf olundu Şuşanın. Beş ildir ki, Şuşa Azərbaycana yeni bir adla qovuşub - Zəfər. Şuşa öz qayıdışı ilə Azərbaycan tarixinə “Zəfər”i gətirdi. 8 noyabr Şuşanın düşmən tapdağından xilas olduğu gün 44 gün davam edən Vətən savaşının qələbə rəmzinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi “Əziz Şuşa, sən azadsan!” sözləri gözlərə sevinc yaşı, ürəklərə həyəcan, dillərə qələbə hayqırtısı gətirdi, bayraqlar göylərə ucaldı.

Bütün bunlar sənin xidmətindir Şuşam, sənin qəlbinin gözəlliyidir! 28 ildən sonra Şuşa qalasında, Cıdır düzündə dalğalanan Azərbaycan bayrağı Şuşanı növbəti dəfə bizə bəxş etdi. Tarix öz övladını yenidən doğdu, ona “Zəfər” adını verdi. Xalq “Zəfərin mübarək” dedi sənə Şuşam. Sənin sirrin, müəmman da əbədi ölməzliyindədir, solmayan gözəlliyindədir, Xarı bülbülün kimi.

Səni məğlub etmək istəyənlər çox olub, amma yenilməmisən, məğrur dayanmısan, zamanı çatanda qisasını almısan. Şuşa təkcə Qarabağda dünyaya göz açanlar üçün deyil, hər bir azərbaycanlının sanki ata ocağı olub. Atamın sağlığında biz tez-tez Şuşaya gəzməyə gedərdik. İndi də xatirələrə daldıqca düşünürəm ki, bəlkə də dünyanın heç bir istirahət mərkəzi məni bu qədər özünə cəlb etməyib. Çünki Şuşa mənə mənəvi rahatlıq verirdi. Yəqin ki, insanları Şuşaya gətirən də bu idi. Mənə elə gəlirdi ki, onlar İsa bulağının başına su içməkdən daha çox ziyarətə toplaşıblar.

Azərbaycanın Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun Qarabağın hər yerində oxuyardı. Amma Şuşada qavalı əlinə alanda elə maraqla dinləyərdik ki, sanki birinci dəfədir eşidirik. Hər kəsin içindəki mənəvi yorğunluq yox olardı. Düşünürəm ki, bəlkə, Şuşa işğal olunandan sonra insanlarda kədərin, ağrının, qəzəbin, kinin bu qədər artmasının səbəbi ata ocağımız bildiyimiz bu yurdu itirməyimiz oldu.

Bu gün Şuşa yenə bizimlədir. Düşmən tapdağından azad olduqdan sonra ziyarətinə getmişdim. Dedim gəlmişəm Şuşam, məni tanıdınmı? Ziyarətinə, qoxunu almağa, havanı, torpağını öpməyə gəlmişəm.

Çox dəyişib mənim Şuşam. Əvvəlki kimi təbiidir, sadədir, gözəldir, məğrurdur. Amma 28 ildə bənizi solub Şuşamın, üzünə kədər qonub. Qaniçən düşmən pis yağmalayıb Şuşamı. Amma onu özününkü edə bilməyib.

Başını çiynimə qoydu, “Xoş gəlmisən!, Yolunuzu gözləyirdim. Darıxmayın, hər şey bundan da yaxşı olacaq”-dedi. Mən də əzəmətli duruşuna, yaraşığına baxıb onu təbrik etdim: “Zəfərin mübarək Şuşa!”

Sevinc Babayeva
“Cebheinfo.az”


Chosen
29
azia.az

1Sources