EN

Azərbaycan və Qazaxıstan texnologiyadan mədəniyyətə qədər bütün sahələrdə əməkdaşlığı möhkəmləndirir

Astana, 8 noyabr, AZƏRTAC

Bakı ilə Astana arasında qarşılıqlı hörmət, ortaq dəyərlərə əsaslanan güclü və çoxşaxəli münasibətlər yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “Weproject.media” nəşrinə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında təhsil sahəsində hökumətlərarası qrant proqramı mövcuddur. Hər iki ölkənin universitetlərinə maraq artır.

“Keçən il uzun fasilədən sonra Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Bu tədbirlər bizə zəngin irsimizi Qazaxıstan ictimaiyyətinə yenidən təqdim etməyə imkan verdi.

Bu yaxınlarda Opera və Balet Teatrında Şirvan xalçası haqqında əfsanə əsasında yazılmış “İki xalça” baletinin premyerası olub. Tamaşa ilə yanaşı, tamaşaçılar arasında böyük maraq doğuran Azərbaycan xalçalarının sərgisi də təşkil edilib”, - deyə o bildirib.

Diplomat, həmçinin Azərbaycanla Qazaxıstan arasında turizmin dinamik inkişafını qeyd edib. O əlavə edib: “Bu ilin yanvar-iyul aylarında təxminən 59 min qazaxıstanlı turist Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artım deməkdir. Eyni zamanda, Qazaxıstana səfər edən azərbaycanlıların sayı 48 faiz artıb. Qazaxıstan Azərbaycana səfər edən turistlərin sayına görə altıncı yerdədir”.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya dövlət səfərinin əhəmiyyətini vurğulayıb. O qeyd edib: “Səfər zamanı 16 yeni sənəd imzalanıb. Onların hər biri iqtisadiyyat və texnologiyadan tutmuş elmə, təhsilə və mədəniyyətə qədər geniş sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımdır”.

A. Atamoğlanov, həmçinin iki ölkənin xalqları arasında əsl qardaşlığın təzahürü olan məqamlardan danışıb: “Ən əsası odur ki, biz qardaşıq deyəndə, bu, sadəcə sözlər deyil. Aktauda təyyarə qəzası baş verəndə, insanlar səfirliyə gül gətirərək kədərimizə dərindən şərik olduqlarını nümayiş etdirdilər. Bu anlar xalqlarımız arasında rəsmi deyil, səmimi və insani qardaşlıq ruhunu əks etdirir”.

O xatırladıb ki, ötən il Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzulidə Kurmanqazı Uşaq Yaradıcılıq İnkişaf Mərkəzi açılıb: “Bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan və Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzidir”.

Səfir onu da bildirib ki, dövlət başçıları tərəfindən müəyyən edilmiş bir sıra böyük layihələr hazırda Azərbaycan və Qazaxıstan arasında uğurla həyata keçirilir. “Bu layihələr hər kəsə yaxşı məlumdur. Bunlara Orta Dəhliz, yaşıl enerji və Xəzər dənizinin dibi boyunca fiber-optik kabelin çəkilməsi daxildir”, - deyə diplomat sözlərini yekunlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
30
1
azertag.az

2Sources