Yeni Klinika heyəti Lerik Rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Lerik rayonunda şəhid ailələri ilə görüş keçirib.
8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirilən sosial dəstək layihəsi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların ailələrinə diqqət və ehtiramın ifadəsi olaraq gerçəkləşdirilib.
Tədbir çərçivəsində əvvəlcə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla görüş baş tutub. Görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, millət vəkili Vasif Qafarov, Lerik Rayon Mərkəzi Xəstəxanasının direktoru Maqsud Ağayev, Yeni Klinikanın direktor müavini Ravil Tağıyev, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan tibb xidməti kapitanı, klinikanın həkim-travmatoloqu Türkel Hüseynov iştirak ediblər.
Görüş zamanı dövlətin şəhid ailələrinə yönələn sosial dəstək siyasəti və bu istiqamətdə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, müvafiq istiqamətdə qarşılıqlı əməkdaşlığın sistemli şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.
Sonra nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Lerik rayonu və Orand və Ambu kəndlərində yaşayan 15 şəhid ailəsini ziyarət edib, onların qayğı və ehtiyacları ilə yerində maraqlanıb.
Tibbi müayinələrin təşkili və zəruri dəstəyin göstərilməsi ilə bağlı Yeni Klinikanın hər zaman onların yanında olduğunu qeyd edən direktor Barat Yusubov, şəhid ailələrinə diqqət və qayğının daim prioritet olaraq qalacağını bildirib.






















