EN

Şəhər həyatının cazibəsinin kənd həyatına təsiri.. - MÜNASİBƏT BİLDİRİLDİ

“XX əsrdən etibarən bütün dünyada sürətli urbanizasiya və şəhərləşmə prosesi baş verdi. Azərbaycanda bu proses bir qədər gec, təxminən bir əsr sonra geniş miqyasda müşahidə olunmağa başladı”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA- ya açıqlamasında bildirib ki “Sovet dövründə kənd–şəhər mütənasibliyini qorumaq məqsədilə əhalinin yerləşdirilməsini tənzimləyən xüsusi normativ aktlar mövcud idi. Müharibədən sonrakı illərdə şəhərlərə köçmək, orada qeydiyyata düşmək və yaşamaq çətin idi. Hətta bəzi bölgələrə, xüsusilə İranla sərhəd zonalarına gediş-gəliş üçün xüsusi icazələr tələb olunurdu. Bu məhdudiyyətlər bir tərəfdən insanların öz doğma torpaqlarında qalmasına şərait yaradırdı.

Lakin XX əsrin sonlarına doğru sovet sisteminin dağılması, işsizlik, kənd təsərrüfatının səmərəsizliyi və sosial çətinliklər kənd əhalisinin şəhərlərə kütləvi axınına səbəb oldu. Bundan əlavə, Qərbi Azərbaycandan və Qarabağ münaqişəsi nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkün də şəhərlərə, xüsusilə Bakıya, Abşerona, Sumqayıta və Gəncəyə üz tutdu. Beləliklə, həm məcburi, həm də könüllü şəkildə şəhərləşmə prosesi sürətləndi.

Azərbaycan çox qısa müddətdə meqapolis inkişafı mərhələsinə daxil oldu. Lakin bu prosesin cəmi on il kimi qısa bir dövrdə baş verməsi ciddi sosial və infrastruktur problemlər yaratdı. Şəhərlərin plansız şəkildə genişlənməsi, tikintilərin nizamsız aparılması, həyətlərin, məktəblərin, idman və mədəniyyət ocaqlarının azalması urbanizasiyanın mənfi nəticələrini daha da dərinləşdirdi. Əhalinin şəhər həyatına uyğunlaşması, davranış normalarının dəyişməsi və sosial adaptasiya prosesi tam formalaşmadı.

Şəhərləşmə, bir tərəfdən, insanların təhsil və iş imkanlarını artırdı, digər tərəfdən isə kəndlərin boşalmasına, sosial dəyərlərin zəifləməsinə və mənəvi deqradasiyaya səbəb oldu. Əhalinin həyat tərzində dəyişikliklər müşahidə edildi: fiziki əməyin azalması, komforta meyillilik, sağlamlıq problemlərinin çoxalması, doğum səviyyəsinin enməsi və ailə institutunun zəifləməsi bu prosesin təbii nəticələri oldu. Məsələn, əvvəllər ailələrdə 5–10 uşaq olurdusa, bu gün ailə modellərində 1–2 uşaq normaya çevrilib.

Şəhərlərdə əhalinin sıxlığı, nəqliyyat tıxacları, yol mədəniyyətinin aşağı səviyyəsi, ekoloji çirklənmə və sosial gərginlik kimi problemlər də urbanizasiyanın fəsadları sırasındadır. Digər tərəfdən, fast-food qidalanmanın artması, texnologiyadan asılılıq və sosial təcrid halları insanların psixoloji və fiziki sağlamlığına mənfi təsir göstərir.

Hazırda Bakıda və digər iri şəhərlərdə parkların salınması, yeni binaların tikilməsi, infrastrukturun yenilənməsi kimi müsbət meyillər müşahidə olunsa da, şəhər mədəniyyətinin formalaşması, ictimai davranış qaydalarına əməl olunması hələ də tam təmin edilməyib. Şəhərləşmə prosesini tam dayandırmaq mümkün olmasa da, onun mənfi təsirlərini azaldaraq balanslı inkişaf modelinə nail olmaq mümkündür. Bunun üçün planlı şəhərsalma, kənd təsərrüfatının canlandırılması, sosial-mədəni dəyərlərin qorunması və vətəndaş məsuliyyətinin artırılması əsas şərtlərdən biridir”.

Müəllif: Günay Hacıyeva

Chosen
37
1
sia.az

2Sources