EN

Bakıda hərbi paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika - SİYAHI

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir.

Musavat.com Azərtaca istinadən xəbər verir ki, paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub.

Bu müxtəliflik ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.

Xüsusi təyinatlı avtomobil texnikası və zirehli nəqliyyat vasitələri

Keçiddə təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarəolunan "SPIKE-ER" (İ-AR) raketləri, 120 millimetrlik "SPEAR" minaatanları quraşdırılmış, "SandCat-Stomer" zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu "VAŞAQ" xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş "COBRA-II" zirehli tibbi təxliyə avtomobilləri, "Land Rover-110" xüsusi təyinatlı patrul avtomobilləri, "SKİF" - "COBRA" üzərində yerləşdirilmiş tank əleyhinə idarə olunan raket kompleksi, BTR-82A zirehli transportyorları, "PDM-3" - Piyadaların Döyüş Maşınları, "T-72M1" və "T-90S" tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və strateji üstünlüyünün açıq nümayişidir.

Hava Hücumundan Müdafiə (HHM) sistemləri

Paradda Azərbaycan Ordusuna məxsus Hava Hücumundan Müdafiə vasitələri qürurla nümayiş etdirilib. Nümayişdə "S-125 TM" zenit-raket kompleksi, "BUK-MB" və "BUK-MB2K" zenit-raket kompleksi, "İLDIRIM-8" zenit-raket kompleksi, "S-300"- "FAVORİT" uzaqmənzilli zenit-raket kompleksi, "TOR-2M" zenit-raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş yerli müdafiə sənayesinin məhsulu "VİKİNQ" Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş "Şilka" özüyeriyən zenit-qurğusu, silahlanmaya yeni qəbul edilmiş "HQ-9" (EYC KÜ-9) uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının çoxsəviyyəli, etibarlı və döyüş şəraitinə davamlı müdafiə qabiliyyətinin təcəssümüdür.

Pilotsuz uçuş aparatları (PUA) və insansız sistemlər

Azadlıq meydanındakı hərbi paradda İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələri də təqdim edilib. Paradda nümayiş etdirilən "Orbiter-1KM" zərbə PUA-sı, "Orbiter-2", "Orbiter-3" və "Orbiter-4" kəşfiyyat PUA-ları, "Aerostar" taktiki-kəşfiyyat PUA-sı, "Bayraktar-TB2" silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş "Hero-120" (HİRO) sərbəst uçan döyüş sursatları, "Sky Striker" (Strayker) sərbəst uçan döyüş sursatları, "Orbiter-5" taktiki-kəşfiyyat PUAsı, "Harop" zərbə tipli PUA-sı, "Hermes-450" taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş KAYRA - kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuzun həm kəşfiyyat-zərbə, həm də dəniz və sahə əməliyyatlarında yeni taktiki imkanlar qazandığını göstərir. Marauder və Matador tipli mina əleyhinə zirehli nəqliyyat vasitələri də Ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur.

Raket və artilleriya sistemləri

Paradda nümayiş etdirilən Raket və Artilleriya Silahlarının kolonu isə olduqca qürurvericidir. Belə ki, 120 millimetrlik "Vena" özüyeriyən minaatan qurğusu, 122 millimetrlik "Qvozdika" özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik "Akasiya" özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik "Msta-S" özüyeriyən artilleriya qurğusu, 203 millimetrlik "Pion" özüyeriyən artilleriya qurğusu, 220 millimetrlik TOS-1A "Odsaçan" yaylım atəşli reaktiv sistemi, "Xrizantema-S" tank əleyhinə özüyeriyən raket sistemi, 152 millimetrlik "Dana" özüyeriyən artilleriya sistemi, silahlanmaya yeni qəbul edilmiş 155 millimetrlik uzunmənzilli "NORA" və 155 millimetrlik uzunmənzilli "DİTA" özüyeriyən artilleriya sistemi, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik "ACCULAR" (AKULAR) idarə olunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik "QRAD-LAR" yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, "Qasırğa" taktiki raket kompleksi - TRLG-230A, 300 millimetrlik uzunmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı "Smerç" yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik "EKSTRA" taktiki raket kompleksi, 301 millimetrlik "POLONEZ" əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksək dəqiqlikli "Predator Hawk" (HOUK) Əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, həmçinin 624 millimetrlik "LORA" əməliyyat-taktiki raket kompleksi izləyənlərə üçün qürurverici anlar bəxş edib.

Dəniz qüvvələri, sahil mühafizəsi və Aviasiya komponenti

Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iftixar dolu hislər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan Bayrağının rənglərini paytaxt səmasında canlandırıb.

Paradda, həmçinin Xəzər dənizində döyüş gəmiləri və katerlər də nümayiş etdirilib. Bu, Azərbaycanın region sularında suverenlik və strateji nəzarət qabiliyyətinin sarsılmaz gücünü göstərir.

Chosen
10
25
musavat.com

10Sources