Misli Premyer Liqasının XI turu çərçivəsində daha iki qarşılaşma baş tutub.
90deqiqe.Az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən oyunda “Araz-Naxçıvan” komandası “Karvan-Yevlax” üzərində 2:1 hesablı qələbə qazanıb.
Yevlax təmsilçisinin heyətindən Araz Abdullayev 16-cı dəqiqədə hesabı açıb. Naxçıvan klubunun futbolçusu Hamidu Keyta 65-ci dəqiqədə bərabərlik qoluna imza atıb. Matçın son dəqiqələrində – 90+2-ci dəqiqədə isə Felipe Santos penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra “Karvan-Yevlax” 5 xalla 11-ci, “Araz-Naxçıvan” isə 19 xalla 5-ci pillədə qərarlaşıb.
Turun digər oyununda “Turan Tovuz” səfərdə “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksində baş tutan görüş 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Nəticəyə əsasən, “Turan Tovuz” 22 xalla turnir cədvəlinin lideridir. 20 xala malik “Zirə” isə dördüncü pillədə yer alıb.
Qeyd edək ki, XI turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli”ni (1:0), “Sumqayıt” isə “Qəbələ”ni (2:0) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.