Ər-Riyad, 8 noyabr, Elnur Salahov, AZƏRTAC
Bu gün çox gözəl gündür. Tatamiyə qızıl medal üçün çıxmışdım. Özümə söz vermişdim ki, qalib gələcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.
73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı hər rəqibə qarşı ciddi hazırlaşdığını bildirib: "Rəqibləri zəif və ya güclü deyə ayırmıram. Əsas təzyiq ilk görüşlərdə olur. Finallarda daha rahat çıxış edirəm. Məğlubedilməz insan yoxdur".
O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. Qeyd edək ki, Hidayət Heydərov ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.