EN

Çin raket istehsal obyektlərini genişləndirir

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib. TurkicWorld CNN-nə istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Raket Qüvvələri (PLARF) və ona bağlı strukturlarla əlaqəli 136 obyektin 60 faizindən çoxunda genişləndirilmə əlamətləri müşahidə olunub.

Təhlil göstərir ki, zavodlar, tədqiqat laboratoriyaları və sınaq mərkəzlərini əhatə edən bu hərbi-sənaye obyektlərinin ümumi sahəsi 2020-ci ilin əvvəlinə nisbətən 2025-ci ilin sonuna kimi 2 milyon kvadratmetrdən artıq böyüyüb. Peyk görüntülərində yeni tikililər, istehsal korpusları, anbar və qoruyucu divarların inşası aydın şəkildə görünür.

Mütəxəssislər hesab edirlər ki, Pekinin bu addımı ABŞ-ni bölgədə çəkindirmək və Çin Silahlı Qüvvələrinin güc balansını öz xeyrinə dəyişmək məqsədi daşıyır. Ekspertlər Çinin bu addımını yeni silahlanma yarışının ilkin mərhələsi kimi xarakterizə edirlər.

Hesabatda bildirilir ki, genişləndirilən müəssisələrdə istehsal edilən raketlər mümkün Tayvan əməliyyatının əsas tərkib hissəsini təşkil edə bilər. Ekspertlərə görə, bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəyə yaxınlaşmasını çətinləşdirmək və Vaşinqtonun Tayvana dəstəyini məhdudlaşdırmaq məqsədi daşıyır.

CNN-in araşdırması həmçinin ABŞ-nin Ukrayna və Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar zamanı öz raket və hava hücumundan müdafiə ehtiyatlarından çox istifadə etdiyini, bu səbəbdən tədarük zəncirində əlavə çətinliklərin yarandığını xatırladır. Pentaqon isə CNN-in nəticələri barədə “kəşfiyyat məsələlərinə dair şərh verilmədiyini” bildirib.

Mütəxəssislərə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Çinin istehsal prosesini daha da sürətləndirib. Peyk görüntüləri göstərir ki, Pekin məhz 2022-ci ildən sonra bir çox obyektlərini ikiqat artırmağa başlayıb.

CNN bildirir ki, araşdırma Çin dövlətinə məxsus aparıcı müdafiə sənayesi şirkətlərinin sənədləri və hökumət bildirişlərinin izinə düşməklə aparılıb. Bir sıra layihələrin gizli kod adlarla qeyd olunmasına baxmayaraq, obyektlərin əsl məqsədini müəyyənləşdirmək mümkün olub.

Chosen
33
turkic.world

1Sources