EN

Millət vəkili Məşhur Məmmədov Masallıda keçirilən “Şanlı və Qürurlu Zəfər Günü” konfransında çıxış edib » AzadMedia.az


8 noyabr 2025-ci il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü və “Şuşa Şəhəri Günü” münasibətilə “Şanlı və Qürurlu Zəfər Günü” adlı konfrans və konsert proqramı keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar Parkı – Şəhidlər Abidə Kompleksi”ni ziyarət edərək Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə tər gül dəstələri qoyublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni və bir dəqiqəlik sükutla açıq elan olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bu günün xalqımızın qürur və qüdrət rəmzinə çevrildiyini vurğulayaraq bildirib ki, Zəfər Günü təkcə Azərbaycanın hərbi-siyasi tarixi deyil, həm də milli birlik və dövlətçilik iradəsinin təntənəsidir.

Konfransda çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov Vətən müharibəsində qazanılmış tarixi qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin və xalq-ordu birliyinin bəhrəsi olduğunu qeyd edib. Deputat vurğulayıb ki, Azərbaycan Ordusunun qüdrəti, əsgər və zabitlərimizin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad olundu:

“Bu zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda milli həmrəyliyimizin, Vətən sevgimizin və dövlətə sədaqətimizin təntənəsidir. 44 günlük müharibə göstərdi ki, Azərbaycan xalqı məğrur, yenilməz və öz torpağının sahibi olan xalqdır. Biz bu gün qalib ölkənin qalib vətəndaşları olaraq qürur hissi yaşayırıq.”



Deputat həmçinin şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, dövlətin onların ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyevin rəhbərliyi ilə sistemli şəkildə davam etdiyini bildirib.

Tədbirdə həmçinin Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəfail Xəlilov, şəhid Vüsal Məmmədovun atası Aslan Məmmədov, 44 günlük müharibə iştirakçısı Talıb Qəzənfərli çıxış edərək Azərbaycanın hərbi gücündən, ordumuzun yüksək döyüş ruhundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm Zəfərin tarixi əhəmiyyətindən danışıblar.

Konfrans Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilən rəngarəng konsert proqramı ilə başa çatıb.
Chosen
23
azadmedia.az

1Sources