EN

Rəsul İbrahimov: Xaqan Əhmədin şahmatda daha böyük qələbələri irəlidədir

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Xaqan Əhmədin şahmatda daha böyük qələbələri irəlidədir.

İdman.Biz xəbər verir ki, bunu Monteneqronda keçirilmiş Avropa çempionatında 14 yaşlı oğlanların kateqoriyasında birincilik əldə etmiş Azərbaycanın yeniyetmə şahmatçısı Xaqan Əhmədin məşqçisi Rəsul İbrahimov "Report"a açıqlamasında deyib.

O, qeyd edib ki, X.Əhməd Avropa çempionatına yaxşı hazırlaşıb: "Hətta turnirdən bir gün əvvəl dedi ki, 14 yaş kateqoriyasında oynamaq istəmirəm, inanıram ki, 16 yaş kateqoriyasında da qalib gələ bilərəm. Doğrusu, turnirdən bir gün əvvəl Xaqanın belə söz deməsi bizim üçün təəccüblü oldu. Lakin onu razı sala bildik ki, hər halda 14 yaş kateqoriyasında oynayıb, birinci yerə çıxması daha düzgün olar.

Onun 16 və ya 18 yaş kateqoriyasında oynaması bir qədər riskli idi. Çünki birinci yerə çıxmaya bilərdi. Xaqan bizimlə razılaşdı və öz yaş kateqoriyası üzrə oynadı".

Məşqçi qeyd edib ki, X.Əhmədin Ermənistan və Ukrayna şahmatçıları ilə oyunları gərgin olub: "Amma Xaqan əsas oyunlarda iradə və əzmkarlıq göstərdi və əlverişli vəziyyətlərdən maksimum yararlana bildi".

Məşqçinin sözlərinə görə, yeniyetmə idmançı dekabrın 15-21-də Antalyada 15 yaşadək şahmatçılar arasında dünya çempionatında iştirak edə bilər: "İnanıram ki, Xaqan Əhmədin böyük qələbələri irəlidədir. Onun top oyunçu olması üçün bütün potensialı var. Amma çatışmazlıqları da var. Əgər bunları aradan qaldırsa, ümid edirəm ki, Azərbaycanı milli komandanın heyətində uğurla təmsil edəcək.

R.İbrahimov bildirib ki, Avropa çempionatında Azərbaycanın yeniyetmə şahmatçılarından daha böyük nəticələri gözləyib: "Bir neçə şahmatçımız sonuncu turda qələbə qazansaydı, medallar əldə edə bilərdilər. Amma ümumi götürdükdə, onlar qənaətbəxş çıxış etdilər".

Qeyd edək ki, Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempionatında 3 medal qazanıblar. 10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medal qazanıb.

1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
icma.az

2Sources