EN

Bayrağımız – bizim ruhumuzdur, qəlbimizdir

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli müvafiq Sərəncamı ilə təsis edilib. Həmin ilin 4 dekabrında Azərbaycan Milli Məclisi 9 noyabr tarixini rəsmi olaraq Dövlət Bayrağı Günü elan edib. Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağının üç rəngində əksini tapan və XX əsrin əvvəllərində milli müstəqillik ideologiyamızın əsas prinsiplərindən ibarət olan “türkçülük, islamçılıq və müasirlik” formulasının müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Azərbaycan Respublikasının bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul olunub və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 70 il sonra – 1990-cı il noyabrın 17-də böyük lider Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında bu bayraq muxtariyyətin dövlət bayrağı kimi təsdiq edilib. Azərbaycan Ali Soveti isə 1991-ci il fevralın 5-də müvafiq qanunu (“Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun) qəbul edərək üçrəngli bayrağa yenidən ölkənin dövlət bayrağı statusunu verib. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib.

Ulu öndər Heydər Əliyev qeyd edib: “Azərbaycan bayrağı sadəcə bir bayraq deyil. O, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Buna görə hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil bunu dərk etməli, qiymətləndirməlidir.”

Bayraq millətin şərəf və ləyaqətinin təcəssümüdür. Azərbaycan xalqının milli özünüdərkində bayraq həmişə xüsusi, şərəfli yer tutub, xalqın milli varlığının təcəssümü olub. Hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Prezident İlham Əliyev həmişə dövlət rəmzlərinə böyük önəm verir. Dövlət başçısı qeyd edir ki, üçrəngli bayrağımız müstəqil Azərbaycanın rəmzi, xalqımızın qürur mənbəyidir: “Bayrağımız – bizim qürurumuzdur. Bayrağımız – bizim ruhumuzdur, qəlbimizdir.”

Milli birliyin təcəssümü kimi Azərbaycan Respublikasının dövlət bayrağı dövlət qurumlarının və ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanır, genişmiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, idman yarışlarında qaldırılır.

Bu gün Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edərək respublikanın ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan əsgəri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincəvan, Ağbənd, Suqovuşan qəsəbələrində, həmçinin 200-dən çox azad edilmiş kənddə dövlət bayrağını qaldırdı. Lakin Dövlət Bayrağı Günü ərəfəsində – 2020-ci il noyabrın 8-də ən böyük müjdəni eşitdik: Prezident İlham Əliyev Azərbaycan xalqına üçrəngli bayrağımızın Şuşada qaldırıldığını elan etdi. Bundan sonra yüz minlərlə insan Azərbaycan bayrağı ilə küçələrə çıxaraq Şuşa zəfərinin sevincini birgə bölüşdü. 28 ildən sonra Şuşa şəhərinin düşmən əsarətindən azad olunması Dövlət Bayrağı Günü ilə üst-üstə düşdü. 2020-ci il noyabrın 8-i – bayrağımızın Şuşada qaldırıldığı tarix – Azərbaycan tarixində əbədi qalacaq. Bu şanlı səhifəni Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizə yazdı.

2023-cü ilin 19 sentyabrında ordumuz tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin müsbət nəticələri, qarşıya qoyulan məqsədlərin cəmi 24 saat ərzində əldə olunması Azərbaycanın növbəti tarixi qələbəsidir. Bu, bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan prosesləri tənzimləyən və regionda sülhün, sabitliyin əsas qarantıdır. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, eyni zamanda dövlət başçısı ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqın birliyinin məntiqi nəticəsi oldu. Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin və erməni qeyri-qanuni silahlı birləşmələrinin silahı yerə qoymasından, onların silahsızlaşdırılması, döyüş mövqelərindən çıxarılması, separatçı rejimin özünü buraxması və bütün silah, sursat və ağır texnikanın təhvil verilməsindən sonra ölkəmizin suveren hüquqları bütövlükdə və dönməz şəkildə bərpa olundu. Artıq dövlət bayrağımızı Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində dalğalanır.

Hazırda düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərin bərpası sürətlə davam edir, Böyük Qayıdış çərçivəsində mühüm addımlar atılır. İşğaldan azad edilmiş ərazilərdə həyat bərpa olunur: infrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəb binaları tikilir, yeniləri üçün təməl qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivlərindən xəbər verir. Artıq Qarabağ və Şərqi Zəngəzurda təxminən on minlərlə insan yaşayır, qurub- yaradır.

Sadalanan bütün bu qələbələr fonunda Azərbaycan xalqı bu il Dövlət Bayrağı Gününü tamamilə fərqli əhval-ruhiyyədə, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu və Dövlət Suverenliyimizin 5-ci ildönümündə xüsusi sevinc və qürur hissi ilə qeyd edir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor

Chosen
54
1
ikisahil.az

2Sources