EN

Bir daha Azərbaycan dili haqqında: Ədəbi statusun elmi əsasları

Ana dilimizlə bağlı istənilən müzakirədə bir suala bəribaşdan cavab tapmaq lazımdır: Azərbaycan dili müstəqil ədəbi dildirmi?

Məsələn, Rusiya prezidenti Vladimir Putinə görə, "Ukrayna dili" müstəqil ədəbi dil deyil, rus dilinin əyalət ləhcəsidir və onun unikal ədəbi dil kimi təqdim olunması yanlışdır.

Eyni yanaşmalar Azərbaycan dili ilə bağlı da sərgilənir, lakin başqa formada. Ancaq diqqətlə nəzər salanda, məzmun eynidir.

Odur ki, bir daha yada salmaqda yarar var: Ana və rəsmi dövlət dilimiz müstəqil ədəbi dildir və bunu inkar etməyə heç kimin cürəti də çatmaz, savadı da çatmaz, həddi də çatmaz.

Ana dilimizin məhz “Azərbaycan dili” adlandırılması dar mənada "siyasi" deyil, elmi və normativ xarakter daşıyan məsələdir.

İlk növbədə ona görə ki, istənilən ədəbi dil müəyyən mənada süni dildir. Süni dil o demək deyil ki, onun keçmişi yoxdur, qəfil ortaya atılmış və laboratoriyada hazırlanmış bir şeydir. Qətiyyən!

Söhbət ondan gedir ki, ədəbi dilin formalaşması, mahiyyət etibarilə, elmi tənzimlənmə prosesidir. Dilin ədəbi səviyyəyə yüksəlməsi üçün sadəcə xalq danışığının mövcudluğu kifayət etmir. Bunun üçün normalaşdırma, sabitləşdirmə və funksional sistem quruculuğu lazımdır. Bütün ədəbi dillər kimi, bizim dilimiz də məhz belə bir elmi-normativ proses nəticəsində formalaşıb.

Bu tənzimlənmə Azərbaycan dilçilik məktəbinin fəaliyyətinin nəticəsidir və dilçilik məktəbimizin tarixi Azərbaycan elminin inkişafı ilə paralel şəkildə gedib.

Linqvistika elmi tarixən müxtəlif mərhələlər keçib, lakin müasir məzmununu XX əsrin 30-cu illərində yaranmış Praqa məktəbi ilə qazanıb.

Praqa məktəbi dilə yalnız tarixi və ya müqayisəli deyil, həm də struktur və funksional sistem kimi yanaşma gətirmişdi, dilin ünsiyyət, norma və funksional üslub prinsiplərini elmi şəkildə müəyyənləşdirmişdi. Bu yanaşma dilçiliyin predmetini və tədqiqat metodologiyasını əsaslı surətdə yenidən işləyərək müasir elmi model yaradıb.

Məhz Praqa məktəbinin bu nəzəri irsi sayəsində dilçilik bir elm kimi sistemli, funksional və normativ səciyyə qazanıb.

Bu səciyyədən kənarda heç bir ədəbi dil elmi standartlara malik ola bilməz. Başqa sözlə, Azərbaycan ədəbi dili də, digər müasir ədəbi dillər kimi, öz elmi standartlarını bu ümumbəşəri linqvistik çərçivə daxilində müəyyən edir.

Bu, ana dilimizin keçmişini və mənşəyini danmır, lakin elmi əsaslarla müstəqilliyini təmin edir.

Beləliklə, “Azərbaycan dili” anlayışı Azərbaycan coğrafiyasında tarixən mövcud olmuş və millətləşmə prosesində formalaşan milli kimliyimizin əsas atributuna çevrilmiş bir dilin ədəbi, elmi, unikal variantını ifadə edir.

Bu baxımdan, Azərbaycan dili tarixi dialektikamızın ən böyük əsərlərindən biridir, milli kimliyimizin xəzinəsi, dövlət müstəqilliyimizin təminatçısı, xalq olaraq sivil dünyada unikallığımızın simvoludur.

Taleh ŞAHSUVARLI

Chosen
37
aznews.az

1Sources