EN

 Zəfərə aparan şanlı BAYRAQ

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

Bu bayram Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Ümumilli Lider Heydər Əliyev şanlı bayrağımız haqqında belə deyirdi:

“Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 

Prezident İlham Əliyev də hər zaman bayrağımızı uca tutub:

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. 

Üçrəngli Azərbaycan Bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır. 44 günlük Vətən müharibəsi onu da sübut etdi ki, bu bayraq üçün canından keçməyə hazır olan milyonlarla vətəndaş var. 

Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, 9 noyabr bizim üçün çox əlamətdardır:

“Çünki burada simvolik bir bağlantı var. 8 noyabr Zəfər Günüdür, 9 noyabr isə Dövlət Bayrağı Günü. Artıq bayrağımız Zəfər bayrağı adlanır. Üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalanır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib. Bu qələbənin üç qəhrəmanı var. Birincisi Prezident və Ali Baş Komandan İlham Əliyev, ikincisi onun formalaşdırdığı yenilməz Azərbaycan Ordusu, üçüncü isə “Dəmir yumruğ”a çevrilən xalqımızdır. Hər bir dövlət üçün onun bayrağının olması mühüm əlamətdir. Bu, dövlətin kimliyinin göstəricisidir”. 

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan Bayrağının rəngləri  demokratiyaya sadiqliyin göstəricisidir:

“Həmçinin, bayrağımızın rəngləri İslam dəyərlərinə olan hörmətimizin ifadəsidir. Hesab edirəm ki, ilk növbədə öz rəngləri ilə milli kimliyimizi ifadə edən bu bayraq bizim üçün xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycanın müstəqilliyinə gedən yolda ilk dəfə bayrağımızı Ulu Öndər Naxçıvanın Ali Məclisində dalğalandırdı. O zaman Azərbaycan hakimiyyəti bu bayrağı dövlət bayrağı kimi müəyyən etməkdə çəkinirdi. Ancaq Ümumilli Liderin bu addımı və hakimiyyətdən tələbi  bütün Azərbaycanda üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi ilə nəticələndi”. 

Elman Nəsirov vurğulayıb ki, Azərbaycan öz bayrağı ilə fəxr edir:

“Bu bayraq 2020-ci ilin dekabrın 10-da tarixi Zəfərimizdən sonra keçirdiyimiz ilk hərbi paradda da dalğalandırıldı. İşğaldan azad olunan ərazilərdə dalğalandırılmış bayraqların da Azadlıq meydanından təntənəli keçidi təmin edildi. Hər bir azərbaycanlı bu gün öz bayrağı ilə fəxr edir. Bayraq həm də Zəfərimizin təcəssümüdür. Çünki işğaldan azad olunan torpaqlarda bu azadlığın ilk tərənnümü kimi məhz şanlı bayrağımız sancıldı. Bu baxımdan, bayraq bizim üçün əziz və müqəddəsdir. Onu göz bəbəyi kimi qoruyuruq”. 

Chosen
57
cebheinfo.az

1Sources