EN

Azadlıq, suverenlik və müstəqil dövlətçiliyin rəmzi 09 Noyabr 2025 09:15

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Azərbaycan tarixində elə günlər var ki, həm milli qürurun, həm də dövlətçilik ideallarının ali təcəssümünə çevrilib. 9 Noyabr – Dövlət Bayrağı Günü də məhz bu mənəvi və ideoloji dəyərlərin təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil: “O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir”.

Azərbaycan bayrağının tarixi kökləri Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə – 1918-ci ilin 9 noyabrına gedib çıxır. Həmin gün Cümhuriyyət hökumətinin qərarı ilə üçrəngli – mavi, qırmızı və yaşıl rənglərdən ibarət Dövlət Bayrağı qəbul olundu. Bu bayraq o dövrdə müstəqil dövlətin ideoloji dayağına çevrildi, lakin 1920-ci ildə Cümhuriyyətin süqutu ilə birlikdə bu rəmz də dövlət statusunu itirdi. Aradan ötən uzunmüddətli dövrdən sonra xalqımızın milli yaddaşında yaşayan bu bayraq yenidən dirçəldi və azadlıq arzularının rəmzi oldu.

Bu ideyanı yenidən həyata qaytaran tarixi qərar isə 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində qəbul edildi. Məhz həmin sessiyada üçrəngli bayraq Naxçıvan MR-in Dövlət Bayrağı elan olundu və Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın ümumrespublika səviyyəsində təsdiqi ilə bağlı vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağı yenidən dövlət rəmzi statusuna qaytardı.

Müstəqilliyin bərpası ilə Azərbaycan Xalq Cümhuriyyətinin idealları, o cümlədən onun müqəddəs rəmzləri yenidən həyat qazandı. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktında da bu varislik aydın şəkildə əksini tapdı.

Müstəqillik illərində üçrəngli bayrağımızın ucaldıldığı hər bir məkan milli qürurumuzun təntənəsinə çevrilib. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə paytaxt Bakıda yaradılan Dövlət Bayrağı Meydanı isə bu müqəddəs rəmzə verilən yüksək dəyərin bariz ifadəsidir.

Dövlət Bayrağı Gününün hər il noyabrın 9-da qeyd olunması isə Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsbit olundu. Həmin qərar üçrəngli bayrağımıza dövlət səviyyəsində ehtiramın ifadəsi olmaqla yanaşı, milli şüurun və dövlətçilik təfəkkürünün möhkəmlənməsi istiqamətində mühüm addım idi.

Bayrağımızın mavi rəngi türk mənşəyimizi, qırmızı rəngi müasirliyi və inkişafı, yaşıl rəngi isə milli-mənəvi dəyərlərimizi və İslam mədəniyyətinə mənsubiyyətimizi təcəssüm etdirir. Bu rənglər Əli bəy Hüseynzadənin ideya kimi formalaşdırdığı “Türkləşmək, müasirləşmək, islamlaşmaq” düsturunu təcəssüm etdirir.

2010-cu il sentyabrın 1-də açılışı olan Dövlət Bayrağı Meydanında dünyanın ən uca bayraqlarından biri qaldırılmış, 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyi fəaliyyətə başlamışdır. 2024-cü ilin noyabr ayında isə meydan yenidən bərpa edilərək daha möhtəşəm görkəmdə istifadəyə verilmiş, Prezident İlham Əliyev Azərbaycan Bayrağını təntənəli şəkildə qaldırmışdır. Hazırda burada dünyanın ən böyük dövlət bayrağı dalğalanır.

Bu meydan həm də tarixi yaddaşın qorunduğu məkandır. Yenilənmiş Dövlət Bayrağı Muzeyində “Zəfər qalereyası” adlı xüsusi ekspozisiya yaradılmışdır. Burada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.

44 günlük Vətən müharibəsində qazanılmış Zəfər üçrəngli bayrağımızın şanlı tarixində yeni bir mərhələ açdı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bayrağımız işğaldan azad edilmiş torpaqlarda yenidən dalğalanır. Bu, yalnız hərbi Qələbə deyil, həm də milli ruhun, birlik və dövlətçilik əzminin təntənəsi idi.

Üçrəngli bayrağımız qlobal arenada müstəqil dövlətimizin qürur simvolu kimi ucalır. Beynəlxalq təşkilatların qərargahlarında, diplomatik nümayəndəliklərdə və dünyanın müxtəlif ölkələrində Azərbaycan bayrağı dalğalanır. Hər bir vətəndaş üçün bu bayraq azadlığın, suverenliyin və milli birliyin əlamətidir.

Chosen
18
5
veteninfo.az

6Sources