EN

Üçrəngli Bayrağımız dövlətçiliyimizin simvoludur

Məşhur Məmmədov,

Milli Məclisin deputatı

 

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli kimliyinin, dövlətçilik təfəkkürünün və azadlıq ruhunun təntənəsidir. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən bu tarix ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərar, əslində, Azərbaycanın müstəqil dövlətçilik ideologiyasının bir parçası olaraq, milli rəmzlərə hörmətin institusional səviyyədə möhkəmlənməsini təmin edib.

 

Bayraq – sadəcə parça deyil. O, xalqın keçdiyi tarixi, çəkdiyi əzabları, qazandığı qələbələri, qoruduğu dəyərləri simvolizə edir.

Azərbaycan bayrağının hər bir rəngi xalqımızın taleyindən, milli ideologiyamızdan doğur: mavi – türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islamı təcəssüm etdirir. Bu ideoloji “Türkçülük, müasirlik, islamçılıq” disturu görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin yaratdığı milli kimlik konsepsiyasının əsasını təşkil edir.

Ümummilli lider Heydər Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, Azərbaycan Bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.

 

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da müstəqil dövlət kimi ilk dəfə üçrəngli bayrağını qəbul etdi. Həmin bayraq dövlət binasının üzərinə sancıldı və 1920-ci ilin aprel işğalına qədər Azərbaycan dövlətçiliyinin rəsmi rəmzi kimi dalğalandı.

Lakin sovet dövründə bu bayraq qadağan olunsa da, xalqın yaddaşından silinmədi. O, istiqlal düşüncəsinin, azadlıq arzusunun və milli qürurun rəmzi olaraq qəlblərdə yaşadı.

Bu bayraq azad edilən torpağa sancılır, çünki onun dirəyi şəhid qanından, dayağı xalq iradəsindən ucalır. Hər bir kənddə, hər bir yüksəklikdə Azərbaycan əsgəri bayrağımızı sancarkən o torpağa dövlətin möhürünü vurur.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edildi. O dövr hələ Sovet sisteminin mövcud olduğu bir mərhələ idi və bu qərar, əslində, milli dirçəlişin başlanğıc nöqtəsi idi.

 

Ulu Öndərin həmin sessiyada söylədiyi sözlər tarixə çevrildi:

“Biz bu bayrağı küçədə yox, dövlətin Ali Məclisində qaldırdıq. Bu, milli dövlətçiliyin bərpası yolunda ilk addım idi.”

 

Naxçıvanda qaldırılan o bayraq az sonra bütün Azərbaycanın bayrağına çevrildi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək bu bayrağı rəsmi dövlət rəmzi kimi təsdiq etdi.

 

1991-ci ilin oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olundu və onun dövlət rəmzləri – bayraq, gerb, himn bərpa edildi.

Beləliklə, üçrəngli bayrağımız yenidən mavi səmalarda dalğalanaraq müstəqil Azərbaycanın simvoluna çevrildi.

 

Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə görə, dövlət bayrağının təsviri, forması və nisbətləri dəqiq müəyyən edilib. Hər bir vətəndaşın bu bayrağa hörmət göstərməsi isə Konstitusiyanın 75-ci maddəsində vətəndaşlıq borcu kimi təsbit olunub.

 

Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanı yaradıldı.

2010-cu ilin sentyabrında açılışı olan bu meydan Azərbaycan dövlətçiliyinin simvoluna çevrildi. 2024-cü ilin 8 noyabrında isə təmir-bərpa işlərindən sonra yenidən istifadəyə verildi və dünyanın ən böyük bayrağı burada qaldırıldı.

 

Meydanın tərkibində fəaliyyət göstərən Dövlət Bayrağı Muzeyində Azərbaycanın müxtəlif dövrlərdəki bayraqları, dövlətçilik tariximizi əks etdirən yüzlərlə eksponat, həmçinin “Zəfər qalereyası” sərgilənir. Bu ekspozisiyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağını qaldırdığı anların fotoları xüsusi yer tutur.

Üçrəngli bayrağımızın 2020-ci ildə Vətən müharibəsindəki Zəfərdən sonra Xankəndidə, Şuşada, Laçında, Zəngilanda və digər azad edilmiş ərazilərimizdə qaldırılması Azərbaycan xalqının tarixi qürurunun təcəssümüdür.

Bu anlar Prezident İlham Əliyevin dediyi kimi, “müstəqilliyimizin əbədi, bayrağımızın əyilməz olduğunu” dünyaya nümayiş etdirdi.

 

Ulu Öndər Heydər Əliyevin sözləri bu gün də öz aktuallığını qoruyur:

“Kim Azərbaycanın müstəqil olmasını istəyirsə, kim torpaqlarımızın azad olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir.”

Azərbaycan xalqı Ulu öndərin siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə bayraq altında birləşdi, torpaqlarımızı işğaldan azad etdi. Artıq 5 ildir ki, işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.

 

Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün həm qələbəmizin, həm də milli həmrəyliyimizin simvoludur. O, azərbaycançılıq məfkurəsinin, müasir dövlətçiliyin və milli-mənəvi dəyərlərin vəhdətini ifadə edir.

Bayraq təkcə rəsmi atribut deyil – o, xalqın ruhu, dövlətin qüruru, gələcək nəsillərin məsuliyyətidir.

 

Övladlarımıza kiçik yaşlarından öyrətməliyik ki, Azərbaycan Bayrağı təkcə bir parça deyil. O, torpağımızın ruhudur, xalqımızın yaddaşı, dövlətçiliyimizin nəfəsidir. Hər bir dalğalanışında tariximizin səsi, hər bir rəngində xalqımızın taleyi yaşayır.

 

Bu bayraq Qələbədə dalğalanır, çünki onun hər bir dalğası şəhid qanı ilə yoğrulub, ay-ulduzu azadlığın işığını saçır. 2020-ci ilin Zəfər günlərində bayrağımızın Şuşada, Xankəndidə, Laçında dalğalanması təkcə hərbi qələbə deyildi, bu, xalqımızın əsrlər boyu çəkdiyi ağrının, ayrılığın bitməsi idi.

Bu bayrağa şəhidlər bükülür, çünki o, müqəddəs libasdır. Bayrağa bükülən hər bir şəhid cənazəsi dövlətin ehtiramını, millətin minnətdarlığını daşıyır. Hər bir şəhid tabutu önündən keçən bayraq bir daha xatırladır: bu torpaq, bu azadlıq, bu qələbə ucuz qazanılmayıb.

Bayrağımızın 3 rəngi müstəqil Azərbaycan dövlətinin əzəmətini təcəssüm etdirir.

Bayraq qarşısında baş əyən hər bir azərbaycanlı onun mənəvi yükünü dərk edir: bu bayraq bizim kimliyimiz, tarixi borcumuz və gələcəyə inamımızdır.

Prezident İlham Əliyev bunu bir cümlə ilə çox dolğun ifadə edib:

“Bizim bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bu bayraq daim dalğalanacaq və heç vaxt enməyəcəkdir.”

Chosen
19
50
tribunainfo.az

10Sources