Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dünya yeni bir Karib böhranı ssenarisi ilə üz-üzədir. Ukrayna müharibəsinin dayandırılmasına nail ola bilməyən dünya gücləri indi yenidən nüvə silahı yarışına start verirlər. ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etməsindən sonra Rusiya Prezidenti Vladimir Putin də təcili toplantı keçirərək, eyni addımı atmaq qərarına gəlib. Belə ki, Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən görüşdə nüvə sınaqlarına hazırlıq işlərinə başlama ehtimalına dair tapşırıq verib.Rusiya liderinin sözlərinə görə, əgər Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinin iştirakçı ölkələri sınaqları bərpa etmək qərarına gəlsələr, Moskva da cavab tədbirləri görmək məcburiyyətində qalacaq. Bununla belə, Kreml bəyan edib ki, Rusiya həmin müqavilədən çıxmağı planlaşdırmır.Qeyd edək ki, bir müddət əvvəl Putin Rusiyanın nüvə başlığı daşımaq qabiliyyəti olan yeni “Burevestnik” raketlərini sınaqdan keçirdiyini dünyaya bəyan etdi. Ardınca Tramp da Pentaqona nüvə sınaqlarını bərpa etmək göstərişini verdi. Ona cavab olaraq Putin təcili toplantı keçirərək, eyni addımı atmağı tapşırıb. Prosesin bu müstəvidə cərəyan etməsi sanki 1962-ci ilin Karib böhranını xatırladır. Xatırladaq ki, həmin ildə SSRİ-nin ABŞ-a yaxın ərazidəki Kubada nüvə başlıqları yerləşdirməsi dünyanı az qala nüvə müharibəsi ilə üz-üzə qoymuşdu. Dünyanı fəlakətə sürükləyən bu böhran yalnız tərəflərin müəyyən güzəştlərə getməsindən sonra aradan qaldırıldı. Görəsən, mövcud vəziyyətdə Karib böhranı ssenarisi 60 il sonra yenidən təkrarlana bilər? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirdi ki, Karib böhranı ehtimalının 60 ildən sonra yenidən təkrarlanması ehtimalına yaxınıq: “Böyük soyuq savaş eskalasiyasındayıq. Soyuq müharibənin ən ağır dönəmini yaşayırıq. İstər Rusiya, istərsə də ABŞ müharibədə təşəbbüsü əldə saxlamağa çalışır. Bu əsasda son vaxtlar müzakirə mövzusu dəyişir.
Artıq nüvə sınaqları məsələsi ortaya atılıb. Bu məsələ ilk olaraq Moskva tərəfindən gündəmə gətirilib. Rusiya Qərbə böyük və əzəmətli nüvə ölkəsi olduğunu diqqətə çatdırmaqla öz niyyətində daha prinsipial və ciddi olduğunu göstərməyə çalışıb. Belədə nüvə müzakirəsi məsələsində demək olar kulminasiya nöqtəsinə çatmışıq. İndi bu söhbətlərin son nəticəsi olmalıdır”.
“Karib böhranının daha ağır variantını yaşayırıq”.Ekspertin fikrincə, məsələnin bu həddə çatmasının əsasında isə nüvə silahları fazasında kimin daha çox üstünlüyə malik olmasını müəyyənləşdirmək dayanır:“Yəni burada söhbət nüvə silahı tətbiq olunarsa, qarşılığında həyata keçiriləcək preventiv tədbirlərdən gedir. Karib böhranın demək olar daha ağır variantını yaşayırıq ki, bu da dünyaya yaxşı heç nə vəd etmir. Bu ehtimalın praktik şəkildə baş tutub-tutmaması məsələsi iki üz-üzə duran dövlət arasında aparılan danışıqlardan, soyuq müharibədə yaşanan gərginliyin nəticəsinin necə olacağından asılı olacaq”.Həmsöhbətimiz qeyd edir ki, nüvə silahının tətbiqi tərəflərin zəifliyinin göstəricisi olacaq:“Ona görə də onlar məsələni nüvə silahının tətbiqinə qədər aparmamalıdır. Çünki bu dünyanın çöküşü olacaq. Bu səbəbdən düşünürəm ki, hər iki tərəfdən mütləq kimsə güzəştə gedəcək, kimsə münaqişənin o həddə çatmasına imkan verməyəcək. Dünya buna təpki göstərməlidir”.Rüfət Sultan, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.