EN

Zəfər təntənəsinin “şirin marafon”u

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən ənənəvi bal yarmarkasının builki 25-ci yubiley satış-sərgisi Vətən müharibəsində tarixi zəfərin 5-ci ildönümünə həsr edilib. Dövlət müstəqiliyimizin bərpasının 34-cü ildönümü günündə – 18 oktyabrda start götürmüş “şirin marafon” bu gün başa çatır.

Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən yarmarkada bu il 43 regiondan 280-dən çox arıçı-fermer iştirak edib. Satış-sərgiyə çıxarılmış 100 tondan artıq təbii bal və 15-dən çox arıçılıq məhsulunun böyük hissəsini Bakı sakinləri və regionlardan gələnlər, paytaxtın qonaqları böyük maraq və həvəslə alıblar. 5 il əvvəlin Zəfər yürüşünün şanlı xronikasını öyünclə və təntənə ilə izlədiyimiz günlərdə tarixi Qələbəmiz şərəfinə təşkil edilmiş yarmarka süfrələrimizə bal şirinliyi paylayıb.

Satış-sərginin bağlanış günündə Qarabağ müharibəsi iştirakçısı olmuş bir arıçı soraqladıq. Öyrəndik ki, Qax rayonundan gəlmiş “Zərqanad” kooperativinin sədri Kamran Seyidəli I Qarabağ savaşının iştirakçısı olub. O, atəşkəsdən sonra kiçik zabit hazırlığı kursu keçərək 8 il cəbhə bölgəsində xidmətini taqım komandiri, baş çavuş kimi davam etdirib. Ordudan tərxis ediləndən sonra Kamran İlisuda dədə-baba məşğuliyyəti olmuş arıçılıq sahəsində bacarığını yoxlayıb.

Bir neçə arı ailəsi ilə fəaliyyətə başlayan veteran döyüşçü arıçılığın elmi əsaslarını mənimsəyib. Uğur qazandıqca təsərrüfatını genişləndirib, pətəklərin sayını 170-ə çatdırıb. 2 il əvvəl çevrəsindəki 12 təcrübəli arıçı ilə birləşib 1300 arı ailəsindən ibarət “Zərqanad” balçılıq kooperativini qurub. Öz balına isə Əqli Mülkiyyət Agentliyindən “Sarı pətək” adlı marka alıb. Vaxtilə böyük Səməd Vurğunun ov etdiyi, sonralar onun adını daşımış Səməd Vurğun adına sovxozun yerləşdiyi Turaclı kəndində fəaliyyət göstərən təsərrüfat mövsümə və arıların məhsuldar işləməsinə görə arandan başlamış yüksək dağlıq əraziyə qədər 4 dəfə yerini dəyişir.

Kamran ötən illərdə də yarmarkada fəal iştirak edib, gətirdiyi balın böyük hissəsini satıb. Bu il satış-sərgiyə 400 kiloqram bal və müxtəlif adda arıçılıq məhsulu gətirib. Rayona isə indi boş balonlarla qayıdır. Təcrübəli balçı ilə tanışlığımızı müsahibə ilə davam etdirdik.

– Son illərdə bazar-dükanlara, hətta küçələrə də xeyli bal çıxarılır. Amma təbii, təmiz balı seçib-ayırmaq çətin olduğuna görə adamlar bu məhsulları almağa ehtiyat edirlər.

– Düz deyirsiniz, təbii balla saxtasını zahirən ayırmaq çətindir. Bunu yalnız laboratoriya analizi müəyyən edə bilir. Təbii balın su göstəricisi 19 faizdən, saxarozası 5 faizdən yuxarı olmamalıdır. Yaxşı diastoza göstəricisi isə 10 faizdən yüksək sayılır. Mənim 4 növ balımın saxarozası 1,7 diastozası isə 13,9–29,4 faiz arasındadır. Təbii balın kiloqramı indi 30–35 manatdır. İşbazlar 2–3 manatlıq şəkəri bal şəklinə salaraq təmiz məhsul yetişdirənlərin halal qazancına şərik çıxmaq istəyirlər.

Qoy alıcılar aldanmasınlar. Təbii bal misilsiz məlhəmdirsə, saxta həlməşik ziyanlıdır, üstəlik, pul itkisidir. Bu baxımdan, bal yarmarkası hər il xalqımıza yoxlanmış, təminat verilmiş təmiz bal təqdim edir. Odur ki, bu yarmarkanın təşkilatçılarına təşəkkür edirik. Həm biz rahat, geniş bazar qazanırıq, həm də alıcılar axtardıqları balı və arı məhsullarını bir ünvandan əldə edə bilirlər.

– Arıçılığın səfası kimi, cəfası da varmı? Daha çox hansı çətinliklərlə üzləşirsiniz?

– Çiçəklərdən zərrə-zərrə bal alınması ilə bağlı məşğuliyyət maraqlı, gərəkli və faydalı olsa da, o qədər də asan deyil. Əlavə çətinliyimiz arıları xəstəliklərdən qorumaq, ərazi əldə etmək və satışla bağlıdır. Yaxşı olar ki, arıçılara sabit yerlər ayrıla, keyfiyyətli dərmanlar ölkəmizdə istehsal edilə. Bazar-satış məsələsində də köməyə ehtiyacımız var.

– Sizə halal və gərəkli işinizdə uğurlar arzulayırıq. Zəfər bayramınız da mübarək olsun!

Tahir AYDINOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
xalqqazeti.az

2Sources