EN

“Neftçi” üçün ən ideal fürsət - ya indi, ya heç vaxt!

Azərbaycan futbolunda, çempionatında son illərdə görmədiyimiz hadisə ilə qarşılaşmışıq. “Qarabağ” - “Neftçi” matçının başlamasına iki gün qalmış biletlər tükənib.

Son illərin ən maraqlı Azərbaycan derbisi olacağına heç bir şübhə yoxdu. “Neftçi”nin Vensan Abubakarı gətirməsi, qolları sıralaması, oyun keyfiyyətini artırması və “Qarabağ”ın Çempionlar Liqasında uğurlu oyunu bu matça marağı birəbeş artırıb.

Dörd ildən artıqdı “ağ-qaralar” derbidə üzü gülmür. Bakılılar 5 ilə yaxın müddətdə cəmi bir heç-heçə edib, onu da dumanlı “Azərsun Arena”da. Niyə də biletlər tükənməsin?! Alışmadığımız hal olsa da, təəccüb də doğurmadı. Stadionun tutumu da çox deyil - 4677. Amma əmin olun ki, bu görüş “Palms Sports Arena”da da olsaydı, bilet tükənəcəkdi.

Məsələ isə başqadı. Bəli, “Neftçi” formadadı, Abubakarın gəlişi də komandanı həm ruhlandırıb, həm də gücləndirib. Amma bu gücün nə qədər olacağı dəqiq deyil. 2021-in mayından bəri “Neftçi” “Qarabağ”a qalib gələ bilmir. Ötən mövsüm heç qol da vura bilməmişdi. Bu illər ərzində bir əllə sayıla bilməyəcək qədər böyükhesablı məğlubiyyətlə üzləşib. Bu gün isə o gündü - ya indi, ya heç vaxt. “Neftçi” “Qarabağ”ı məğlub etməlidi. İstər prinsip məsələsi, istərsə də intriqa baxımından. Samir Abasovun komandası qələbə qazansa, xal fərqi ikiyə endirəcək. “Qarabağ”dan daha az məğlub olan komanda kimi dövrəni bitirəcək.

Mümkündümü? Mümkündü. “Çelsi” “köhlən atlar”ı elə yorub ki… Son iki ayda “Qarabağ”ın futbolçularının gözündə yorğunluq aşkar hiss olunur. Kadi də sıradan çıxıb. “Qarabağ” üçün çətin sınaqdı. “Neftçi” isə bu gün çoxdan etməli olduğunu etməlidi - “Qarabağ” üzərində qələbə qazanmalıdı.

Qeyd edək ki, matç bu gün 18:44-də start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
41
1
football-plus.az

2Sources