EN

Bloomberg: Trampın “sülh planı” Qəzzada işə yaramır...

Sazişin birinci mərhələsi yerinə yetirilməyib, o cümlədən Rəfahdakı tunellər və silahlı qruplaşmalar sülh planının ikinci mərhələsinin reallaşmasını çətinləşdirir...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, Tramp administrasiyasının Qəzza ilə bağlı təqdim etdiyi “sülh planı” çərçivəsində nəzərdə tutulmuş ilkin öhdəliklər icra olunmayıb. Sazişin I fazasına görə HƏMAS 72 saat ərzində sonuncu girovları qaytarmalı, İsrail isə humanitar yardımın həcmini artırmalı idi. Bloomberg qeyd edir ki, həm birinci, həm də ikinci öhdəliklər yerinə yetirilməyib və HƏMAS hələ də beş girovun qalıqlarını təhvil verməyib.

Sazişin daha mürəkkəb II mərhələsi HƏMAS-ın silahsızlaşdırılmasını tələb edir və məhz bu bəndə dair şübhələr qalmaqdadır. Rəfah rayonunda hələ də HƏMAS-a məxsus tunellər mövcuddur; yerli mənbələrin məlumatına görə, həmin ərazilərdə onlarla silahlı döyüşçü qalır və «sarı təmas xətti»nin o tayında gizlənənlərin sayı isə yüzlərlədir. Bu qüvvələrin təslim olmaq və ya silahlarını təhvil vermək niyyəti görünmür.

Məsələ ilə bağlı yerli media xəbər verir ki, Trampın xüsusi səfiri Stiv Uitkof və prezidentin kürəkəni Cared Kuşner bazar ertəsi İsrailə səfər edərək vəziyyəti həll etməyə çalışacaqlar. Lakin hazırda döyüşən tərəflər danışıqlara soyuq münasibət göstərirlər.

“İsrail bilməlidir ki, təslim olmaq və əsir düşmək anlayışı Əl-Qassam briqadalarının lüğətində yoxdur”, deyə HƏMAS-ın bəyanatında deyilir.

Eli Koen, baş nazir Netanyahunun təhlükəsizlik kabinetinin üzvü, «Kan» radiosuna verdiyi açıqlamada Rəfahdan olan döyüşçülərin “ya zərərsizləşdirilməsi, ya da təkcə alt paltarı ilə ağ bayraqla çıxması” lazım olduğunu bildirib.

Agentlik yazır ki, hazırkı vəziyyət həm humanitar yardımın artırılması tələblərini, həm də HƏMAS-ın silahsızlaşdırılması məqsədini kompromisə gətirməyi çətinləşdirir. Diplomatik səylərə baxmayaraq, hər iki tərəfin mövqeyi sərt qalır və əməliyyat meydanında şəraitin nə dərəcədə dəyişəcəyi hələki qeyri-müəyyəndir.

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources