EN

"Birlikdə olduğumuz təcrübəlilərin arasından iki nəfəri itirdik" - Futbolçunun müharibə XATİRƏLƏRİ

Qarabağın erməni işğalından azad olunmasından 5 il ötür.

2020-ci ilin sentyabrın 27-də başlayıb, 44 gün davam edən müharibə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı.

Müharibədə iştirak edənlər arasında futbol ictimaiyyətinin müxtəlif nümayəndələri – futbolçu, məşqçi, klub rəsmisi, hakim, jurnalist və müxtəlif vəzifələrdə çalışanları torpaqlarımızı işğaldan azad etmək üçün əllərindən gələni etməyə çalışdılar.

Onlardan biri də “Bakı”nın yetirməsi kimi tanınan, müxtəlif yaş qruplarından ibarət milli komandaların şərəfini qoruyan, Portuqaliyada legioner həyatı yaşayan, hazırda karyerasını II Liqa təmsilçisi “Dinamo”da həvəskar səviyyədə davam etdirən Valeh Seyidovdur.

“Bakı”nın sabiq icraçı direktoru, AFFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Seyidovun oğlu olan “Dinamo”nun hücumçusu ilə söhbətimiz həm xalqımız, həm də özü üçün bayram kimi qeyd olunan günə təsadüf etdi.

- 44 günlük müharibədə iştirak etmiş qəhrəman oğullardan biri kimi səni təbrik edirəm. 2020-ci ilin sentyabr ayını necə xatırlayırsan?

- Bu, xalqımızın, dövlətimizin, Azərbaycanın qələbəsidir. Təbrikə görə təşəkkür edirəm.

Hərbi xidmət borcumu 2014-2015-ci illərdə yerinə yetirmişdim. Sentyabrın 27-də döyüşlər başlamışdı və mən də hamı kimi müharibənin təsiri altındaydım. Sentyabrın 28-də mobil telefonuma zəng gəldi və döyüşlərdə iştirakımın vacibliyi bildirildi. Evə gedib hazırlaşdım, ailə üzvlərimə xəbər verdim. Açığı, atam bir az narahat idi. Atamgili öz dövrlərində çox çətinliklər görüblər deyə, döyüşçü olmağın öhdəsindən gələ biləcəyimlə bağlı narahatlıq yaşayırdı. Ancaq mən qətiyyən narahat deyildim. Uşaq yaşlarımdan ermənilərin Azərbaycan xalqına etdikləri amansızlıqları oxuyub, eşitdiyimdən, daim qisas hissi ilə alışıb-yanırdım. İsrarla və həvəslə döyüşmək istədiyimi bildirib çağırış məntəqəsinə yollandım.

- Sonra?

- Sentyabrın 29-u səhər Nərimanov rayon çağırış məntəqəsinə getdim. Məxfi olduğuna görə, hara və nə vaxt gedəcəyimizlə bağlı heç kimə məlumat verilmirdi. Yeri gəlmişkən, döyüş bölgəsinə ən çox əsgər göndərən çağırış məntəqələrindən biri Nərimanov rayonu idi. Sentyabrın 29-u təxminən 10-15 avtobus Gəncəyə yollandı. Gəncəyə çatan kimi geyim dəstləri və silahlar təhkim olundu, ardınca təlimlərə start verildi. İki həftəlik təlimlər başa çatandan sonra isə istiqamətlər üzrə təyinatlar aparılırdı. Biz Kəlbəcər istiqamətinə yön aldıq.

- Ön, yoxsa arxa cəbhə kimi?

- Biz arxa cəbhədəydik. Kəlbəcər istiqamətində döyüşlər gedən zamanı şimal hücumlarımız kəsərli alınmırdı, çox itki verdik, şəhid sayı çox oldu. Yüksəkliklər çox idi deyə, düşmənə layiqli müqavimət göstərmək çətin idi. Sonradan hücumları cənub bölgəsindəki düzənlik ərazilərdən qurmaq tapşırığı aldıq. Bizdən öndə iki qrup döyüşə başlamışdı, biz üçüncü sıradaydıq. Əslində, buna arxa cəbhə də demək olmur. Çünki müharibənin içindəydik, döyüşü tam mənada hiss edirdik. Müharibə başa çatan günə qədər Kəlbəcər istiqamətində gözləmə mövqeyindəydik. Noyabrın 8-də atəşkəs elan olunandan sonra da ərazilərdə qaldıq. Dekabrın 31-də təxris olunduq.

- Hərbi vəzifən hansı idi?

- Hərbi xidmət dövründə atıcı vəzifəsində olmuşdum deyə, müharibədə də siyahıya uyğun atıcı tapşırıqları almışdım. Bizimlə eyni vaxtda yola düşənlərdən minaatanlar, tank sürənlər, snayperçilər, sürücülər də var idi. Onları seçib, başqa bölüklərə aparırdılar. Bizim kimi təcrübəsi az olanları saxlayıb, təlimlər keçirdilər.

- Müharibə iştirakçısı hesab olunursan, yoxsa veteran?

- Cəbhədə düşmənlə üzbəüz döyüşdə iştirak etmədiyimiz üçün bizim hərbi hissənin əksər iştirakçılarına veteran statusu verilmədi. Düzdür, aramızdan bir neçəsi veteranlığa layiq görüldü, lakin biz yox. Halbuki, biz də qaynar nöqtələrdə olmuşduq. Təxris olunanda fəal hərbi xidmətimizə görə fəxri fərmanlarla təltif olunduq.

- Birlikdə xidmət etdiyin, çətin günlər yaşadığın, eyni boşqabdan yemək yediyin yoldaşlardan kimlər şəhid oldu?

- Döyüş vaxtı birlikdə olduğumuz əsgərlərin arasında şəhid olmadı.Çünki hamımız eyni tapşırığı almışdıq, üçüncü sıranın üzvləri olaraq gözləyirdik. Lakin təlimlər zamanı birlikdə olduğumuz təcrübəlilərin arasından iki nəfəri itirdik. Çünki onlar bizim önümüzdəki mövqelərdə döyüşürdülər. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!

- Hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur. Müharibənin qoxusunu hiss etmiş biri kimi, bu günlərdə qələbə ruhunda olursan, yoxsa aldığın travmalarla yaşayırsan?

- Qarışıq hislər keçirirəm. Müharibənin çətinlikləri, stresi, döyüş həyəcanı bu günə qədər gözlərimin önündə, səslər qulaqlarımdadır. İlk illərdə müharibənin travmasını daha çox yaşayırdıq. Tək mən yox, digər döyüş yoldaşlarım da həmçinin. Lakin zaman keçdikcə, Qarabağ torpaqlarının çiçəkləndiyini gördükcə, ağrı-acılar öz yerini qələbə hislərinə verir.

Bəlkə də sualdan kənar olacaq, müharibə zamanı iki dəfə həyəcan siqnalı verildi. Hər iki halda gecə yarısı idi, saat 3-4 aralığı. Bu, düşmənlə göz-gözə dayanmaq tapşırığı idi. Geyindik, silahlandıq, maşınlara yükləndik, hərbi sirr olan bəzi səbəblərə görə gözləmək əmri verildi. O dəqiqələr, o saniyələr indiyə qədər gözlərimin önündədir. Onları sözlə ifadə etmək olmur.

- Təlimlər zamanı fiziki cəhətdən idmançı olmağın üstünlüklərini hiss edirdin?

- Müharibə zamanı bütün statuslar itir. Yeganə fərq nədə idi? İkinci dəfə hərbi xidmətə çağrılanlarla müqayisədə ayaqlarda və orqanizmdə fiziki gücün nisbətən çox olması. Dağa dırmananda, yaxud belimdə yüklə qaçanda, mənim kimi ikinci dəfə hərbi xidmətdə olan digərləri əziyyət çəkirdisə, bu baxımdan mən rahat idim. Çünki mülki vaxtımda mütəmadi məşq edirdim, idman formamı qoruyurdum. Müharibədə əsas məqam idmançı olub-olmamaq deyil.

- Nədir bəs?

- İlk növbədə təcrübə. Silahdan istifadə qaydası, düzgün nişan almaq bacarığı, soyuqqanlılıq və sair. Məsələn, təlimlər zamanı atəş açmaq adama asan gəlir. Düşünürsən ki, rahat şəkildə döyüşə bilərəm. Lakin müharibə vaxtı anlayırsan ki, ayaqlarında, yaxud qollarında güc olması üstünlük deyil. Yəni iki həftə təlim keçib ön cəbhəyə atılmaqla 4-5 ay hazırlaşmaq eyni deyil. Müharibə şəraitində təcrübə çox vacibdir.

- Döyüşçü yoldaşlarında danışıb-görüşürsüz?

- Bəli-bəli. İştirakçılardan ibarət “vatsap” qrupumuz var. Hamımız işləyirik, ailə-uşaq sahibiyik deyə, görüşmək üçün vaxtımız çox olmur. İldə 2-3 dəfə görüşürük.

HƏBİB

Chosen
27
sportinfo.az

1Sources