EN

Qələbəyə gedən YOL

Bir neçə gündür ki, Azərbaycan xalqı 5 il bundan öncə qazanılan tarixi qələbənin sevincini yaşayır. 2020-ci il noyabrın 8-də Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri erməni işğalından azad edildi. Məhz Şuşanın azad edilməsi ilə 44 günlük Vətən Müharibəsində TARİXİ QƏLƏBƏ rəsmiləşdi, Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etdi.

Bu zəfərdən sonra torpaqlarının 20 faizini itirən, dünya birliyinin ikiüzlü siyasəti nəticəsində 30 illik məğlubiyyət yükünü üzərindən atan Azərbaycan xalqı QALİB XALQA çevrildi.
 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti tək döyüş meydanında deyil, şüurlarda da zəfərə imza atdı və tarixi ədalətin bərpasına nail oldu.


Bu gün isə daha bir əlamətdar hadisə qeyd olunur. 5 il bundan öncə - 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri 2-ci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətini rəsmiləşdirən üçtərəfli bəyanata imza atdılar. Həmin bəyanat təcavüzkar Ermənistanın kapitulyasiyası demək idi.

Sənədə əsasən, haylar o zamana qədər hələ də işğal altında olan Ağdam, Kəlbəcər və Laçını döyüşsüz təhvil vermək, Qarabağ ərazisindəki qanunsuz silahlı dəstələrini ləğv etmək öhdəliyini götürdülər.

Hər kəs – istər Rusiya, istər İran, istərsə də Qərb ölkələri – 10 noyabr bəyanatını təslim aktı adlandırsalar da, erməni revanşistləri sənədi iqnor edərək düz 3 il – 2023-cü il sentyabrın 20-i, Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarına qədər onun şərtlərini yerinə yetirməkdən boyun qaçırdılar. Və qısa müddətdə hər şey dəyişdi: Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyü və suverenliyini bərpa etdi və bu gün yeni dövrün hədəflərinə doğru inamla irəliləyir.

Əslində, bu gün geriyə qayıdaraq işğal səhifəsini bir-bir vərəqləmək həm üzücüdür, həm də yersiz...

Erməni ekstremistləri ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanın üzərinə dünyadakı lobbiçiləri, diasporu və havadarları ilə gəldilər. Qondarma respublika yaradan hay millətçiləri torpaqlarımızı ələ keçirmək, Qarabağ ətrafındakı rayonları işğal etməklə bufer zonası yaratmaq hesabına dünya birliyini Qarabağın Ermənistana məxsus olduğu faktı ilə üz-üzə qoymağa çalışırdılar. O dövrün geosiyasi mənzərəsi də erməni tərəfinə bu istiqamətdə konkret nəticələr əldə etmək imkanı vermişdi və haylar dünyadakı havadarlarının dəstəyi ilə işğalı əbədiləşdirmək qərarına gəldilər.

Lakin Azərbaycan dövləti 1-ci Qarabağ müharibəsindən sonrakı dövrdə həm siyasi, həm mənəvi, həm iqtisadi, həm də hərbi sahədə sürətlə gücləndi, informasiya müharibəsində üstünlük qazanmaqla Qarabağ problemi barədə əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanı əvvəlki təbliğat imkanlarından məhrum etdi. Bir sıra platformalardan – Valdaydan, Aşqabaddan, Davosdan, Münxendən, Praqadan və digər mərkəzlərdən verilən mesajlar dünya birliyinin Qarabağ məsələsinə münasibətini dəyişdi və beləliklə də, Böyük Qələbəyə yol açdı. 
 

2020-ci il noyabrın 8-i – Şuşa zəfəri, noyabrın 10-u Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanması, dekabrın 10-u isə “Azadlıq” meydanında Zəfər Paradının keçirilməsi ilə tarixə keçdi.


Bu hadisələr 30 il torpaqları erməni işğalı altında qalan bir xalqın beynəlxalq ədalətsizliyə etirazı, ona mənsub olanı öz gücü və iradəsi ilə özünə qaytarmağının formulu idi. 44 günlük müharibədə qazanılan qələbə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin 3 istiqamətdə ciddi uğurlara imza atdığını, zəfəri gətirən şərtlərin tam şəkildə həyata keçirildiyini göstərir.

1.Siyasi-diplomatik güc. 

Azərbaycan dövləti regional və qlobal platformalarda aktiv siyasət yürüdərək Qarabağ probleminin həlli ilə bağlı imperativlərini bütün dünyaya qəbul etdirdi. BMT, AŞPA, ATƏT və digər təşkilatlar səviyyəsində verilən qətnamələr 2020-ci il sentyabrın 27-də start götürən əks-hücum əməliyyatı üçün hüquqi-diplomatik baza rolunu oynadı.

2.İqtisadi güc.

1994-ci il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”, 2014-ci ildə əsası qoyulan Cənub Qaz Dəhlizi, 2017-ci ildən fəaliyyətə başlayan Bakı-Qars dəmiryolu xətti, nəqliyyat və enerji sahəsində həyata keçirilən digər mühüm layihələr iqtisadi dayanıqlılıq və geoiqtisadi gücə çevrilməyin əsas elementləri rolunu oynadılar. Hələ işğal illərində Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində əvəzolunmaz tərəfdaş statusuna yüksəlməsi 44 günlük müharibədə iqtisadi gücün təntənəsinə çevrildi.

3.Hərbi güc.

Ulu Öndər Heydər Əliyev və daha sonra Prezident İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu prosesi, hərbi modernləşmə, ölkə daxilində silah istehsalına başlanılması, ən müasir silahlar və döyüş texnikalarının alınması, ildən-ilə ölkənin hərbi büdcəsi və müdafiə xərclərinin artırılması bir tərəfdən, gənc vətənpərvər nəslin yetişməsi, əsgər və zabitlərin Azərbaycanın ərazi bütövlüyünün bərpasına mənən tam hazır olması digər tərəfdən, 2-ci Qarabağ müharibəsində tarixi zəfərin baş səbəbləri kimi göstərilə bilər.
 

Bəli, bu gün Azərbaycan xalqı qürurludur, xoşbəxtdir, çünki, XXI əsrin ən böyük zəfərinə imza atıb. Hazırda dünyada yüzlərlə müharibələr və münaqişələr davam edir, onların heç birində Azərbaycan dövlətinin əldə etdiyi uğuru kimsə təkrarlaya bilmir.


Ermənistanın 1-ci Qarabağ savaşında törətdiyi vəhşiliklər, 4 minə yaxın insanın taleyinin hələ də qeyri-müəyyən qalmasına baxmayaraq, Azərbaycan ordusu 44 günlük müharibə zamanı müharibə qanunları çərçivəsində döyüş apardı və şəhidlərimizin qisasını aldı.

44 gün - hər gün yeni sınaq, hər gün yeni qələbə, yeni xəbər. 5 il bundan öncə Azərbaycanda alovlanan vətənpərvərlik hərəkatı böyük gücə çevrildi və bu güc qarşısında tab gətirməyən erməni hərbi birləşmələri elə müharibənin ilk günündən məğlubiyyət acısını yaşamağa başladılar. Hər kəsə aydın oldu ki, Ermənistan ordusunun arxasında nə ideoloji, nə də hərbi güc dayanır.

12 mindən çox fərarisi olan, terrorçu təfəkkürü daşıyan hərbi dəstənin vətənpərvərliyindən isə danışmağa dəyməz.

Əvəzində, 30 illik təcavüzün nəticələrini aradan qaldırmaq üçün Ali Baş Komandanın əmri ilə hərəkətə keçən Azərbaycan ordusu qısa müddətdə rəqibdən güclü, hazırlıqlı olduğunu döyüş meydanında nümayiş etdirdi və 30 illik reallıqları dəyişərək Azərbaycanın əzəli haqqını özünə qaytardı.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Chosen
21
2
bizim.media

3Sources