EN

İmad Faraj: “Penalti bizi “öldürdü”

“Penalti epizodunu yaxından görmədim. Məşqçi mənə dedi ki, əslində orada penalti yox idi. Həm də hakim çox tələsdi – fit çaldı və VAR-a baxmadan qərar verdi. Bizim lehimizə olan epizodlarda penalti üçün 10 dəqiqə baxırlar, amma bu dəfə iki dəqiqəyə qərar çıxdı. Yəni, heç vaxt itirmədən birbaşa penalti verdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin fransalı futbolçusu İmad Faraj “Qarabağ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“İlk hissədə yaxşı oynadıq. Çoxlu qol imkanlarımız oldu, müdafiədə də yaxşı idik. “Qarabağ” çox güclü komandadır, amma o penalti epizodu məncə, komandamızın ruh düşkünlüyünə səbəb oldu. Düşünürəm ki, hər oyun daha yaxşı olacağıq, çünki hələ bir-birimizi tam tanımırıq, amma zamanla daha da yaxşılaşacağıq. Məğlubiyyətin xüsusi bir izahı yoxdur. Dediyim kimi, o penalti bizi “öldürdü”. Çünki yaxşı oynayırdıq, oyun bərabər keçirdi, “Qarabağ” bizdən üstün deyildi, amma o penaltidən sonra hər şey dəyişdi”.

Faraj bu nəticənin komandaya psixoloji cəhətdən mənfi təsir etməyəcəyini də vurğulayıb: “Xeyr, çünki artıq nə edə biləcəyimizi bilirik. “Qarabağ”ın çox yaxşı komanda olduğunu da bilirik, amma bu gün onlara qarşı bərabər mübarizə apardıq. Məncə, növbəti oyunumuz daha yaxşı olacaq”.

Fransalı futbolçu 11 oyundan sonra 15 xalı pis nəticə hesab etmədiyini də əlavə edib: “Çünki mövsümün əvvəlində birlikdə yaxşı oynamırdıq, komandada çoxlu yeni futbolçu var idi. Amma son üç oyunda daha yaxşı idik və hər üçünü də qazanmışdıq. Bu, sadəcə bizim ikinci məğlubiyyətimizdir. Bir neçə ay əvvəllə müqayisədə indi xeyli yaxşıyıq. Düşünürəm, qarşıdakı matçlarda daha da yaxşı olacağıq”.

 

Chosen
19
4
idmanxeber.az

5Sources