EN

Gələcəyin müəllimləri necə formalaşır? - Sinqapurun uğurlu təcrübə MODELİ

Sinqapur təhsil sistemi dünyanın ən qabaqcıl modellərindən biri kimi tanınır və bu uğurun əsas səbəblərindən biri müəllim hazırlığına verilən xüsusi əhəmiyyətlə bağlıdır. Sinqapur Milli Təhsil İnstitutunda pedaqoji təcrübə gələcək müəllimlərin peşəkar inkişafında mühüm rol oynayır. Təcrübə prosesində tələbələr nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirir, məktəb mühitində real tədris bacarıqları qazanırlar.

Maraqlıdır, Sinqapur Milli Təhsil İnstitutunda pedaqoji təcrübə necə aparılır?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Böyükağa Mikayıllı danışıb. 

O, qeyd edib ki, Pedaqoji Təcrübə Sinqapur Milli Təhsil İnstitutunda təlim proqramının vacib komponentidir:

Təcrübə müddətində tələbələr məktəbdə müəllimlərdən, tələbələrin təcrübə prosesini koordinasiya edən mentorlardan və universitet mühazirəçilərindən öyrənirlər. Milli Təhsil İnstitutunda təhsil zamanı tələbələr müxtəlif müddətləri əhatə edən 4 fərqli təcrübədən keçirlər: 

  • Məktəblə tanışlıq (School Experience (SE): Tələbərlər 1 həftə ibtidai (1 - 6-cı siniflər), 1 həftə isə orta məktəbdə təcrübə keçirirlər. Tanışlıq müddəti başa çatdıqdan sonra tələbələr qoyulmuş tapşırıqların hesabatını verirlər.  
  • Müəllim assistenti ((Teaching Assistantship (TA): Təcrübə 5 həftə davam edir və tələbənin gələcək seçimindən asılı olaraq ibtidai, yaxud orta məktəbdə keçirilir. Bu zaman tələbələr dərsin planlaşdırılması ilə tanış olur, şagirdlərlə işləyir və müəllimin müşahidəsi altında dərsin müəyyən hissəsini icra edirlər. Məqsəd nəzəri biliklərlə təcrübənin vəhdətinə nail olmaqdır. 
  • Peşəkar təcrübə 1 (Teaching Practice 1 (TP1): Bu mərhələdə tələbələr müstəqil olaraq dərs aparırlar. Mərhələ 5 həftə davam edir.  Birinci həftədən sonra tələbələr müşahidələrinə əsasən öz planlarını tərtib edir, onlara məktəb tərəfindən təhkim olunmuş müəllimin məsləhətləri ilə şagirdlərlə işləyirlər.
  • Peşəkar təcrübə 2. (Teaching Practice 2 (TP2): Mərhələnin müddəti 10 həftədir. Tələbələr müstəqil olaraq işləyirlər. Onlar şagirdlərin öyrədilməsi, həmçinin məktəbdə tədris prosesinin idarə olunması ilə bağlı praktik biliklər əldə edir, hərtərəfli təcrübəyə yiyələnirlər. Bütün təcrübə ərzində tələbələr bilavasitə onların təcrübə keçməsinə cavabdeh olan universitet müəllimləri və məktəb təcrübəsinə rəhbərlik edən məktəb müəllimləri ilə işləyirlər. Təcrübə zamanı gələcək müəllim öz potensialını nümayiş etdirmək, peşəkar inkişafın əhəmiyyətini və onun məktəb təhsilinin təkmilləşdirilməsinə təsirini dərk etmək imkanı əldə edir.
Chosen
27
23
azedu.az

10Sources