EN

Naxçıvanda tibbi aksiya keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Zəfərin gücü ilə sağlamlıq ayı” adlı genişmiqyaslı tibbi aksiya uğurla başa çatıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, aksiyanın əsas məqsədi əhalinin sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsi, tibbi xidmətlərə çıxış imkanlarının artırılması və profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsi olub. Layihə, eyni zamanda, Vətən müharibəsində qazanılmış Zəfərin yaratdığı birlik, həmrəylik və milli ruhun səhiyyə sistemində də əksini tapdığını nümayiş etdirib.

Aksiya muxtar respublikanın müxtəlif bölgələrində yerləşən Ailə Sağlamlıq Mərkəzləri və onlara tabe kənd tibb məntəqələrində təşkil olunub. Tibbi xidmətlər Cəhri, Yaycı, Sədərək, Keçili, Dəstə, Dizə, Əbrəqunus, Qarabağlar, Qahab, Aralıq, Tivi, Yengicə, Xok, Vənənd, Kolanı, Sabirkənd Ailə Sağlamlıq Mərkəzlərində, Didivar, Üstüpü, Ləkətağ Kənd Tibb məntəqələrində göstərilib.

Müxtəlif ixtisaslı həkimlərin iştirakı ilə vətəndaşlara kardioloji, nevropatoloji, terapevtik, ginekoloji, pediatrik xidmətlər göstərilib, həmçinin USM, EKQ və EXO müayinələri aparılıb. Müayinələr zamanı vətəndaşlara ilkin diaqnostika və müalicə yönümlü tövsiyələr təqdim olunub.

Aksiya çərçivəsində ümumilikdə 2945 nəfər müxtəlif sahələr üzrə tibbi müayinədən keçib.

Xidmət sahələri üzrə statistik göstəricilər aşağıdakı kimidir:

USM: 666 nəfər

Kardioloji: 539 nəfər

Nevropatoloji: 473 nəfər

Terapevtik: 442 nəfər

EKQ: 545 nəfər

Ginekoloji: 245 nəfər

Pediatrik: 42 nəfər

EXO: 24 nəfər

Ənənəvi tibb xidmətlərindən uzaq ərazilərdə yaşayan vətəndaşların da tibbi müayinələrə cəlb olunması, səhiyyə xidmətlərinə bərabər çıxış prinsipinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Tibbi aksiyanın həyata keçirilməsi, eyni zamanda, səhiyyə sistemində müasir texnoloji imkanların tətbiqini önə çıxarıb. Dövlət Proqramı çərçivəsində Ailə Sağlamlıq Mərkəzlərinin yeni tibbi avadanlıqlarla təchiz edilməsi aksiyanın səmərəliliyinə mühüm töhfə verib. Müasir USM, EKQ, EXO və laborator analiz sistemləri müayinələrin daha operativ və dəqiq aparılmasına şərait yaradıb.

Bütün nəticələr elektron qeydiyyat sistemləri vasitəsilə mərkəzləşdirilmiş verilənlər bazasında toplanaraq ümumi analiz və gələcək planlaşdırma üçün mühüm informasiya mənbəyinə çevrilib.

“Zəfərin gücü ilə sağlamlıq ayı” səhiyyə sahəsində həm profilaktik yanaşmanın gücləndirilməsi, həm də sosial məsuliyyət və texnoloji yeniliklərin tətbiqi baxımından əhəmiyyətli bir təşəbbüs kimi dəyərləndirilir.

"Cebheinfo.az" 

Chosen
10
3
cebheinfo.az

4Sources