EN

SON DƏQİQƏ! Çin və ABŞ təyyarədaşıyan gəmilərlə üz-üzə

"Çinin təyyarədaşıyan gəmilərinin sayının artması Vaşinqtonu ciddi narahat edir. Çinin həmin gəmiləri Tayvan adasında yaxın sularda üzürlər".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg

Politoloq qeyd edib ki, Çinin yeni təyyarədaşıyan "Fujian" gəmisinin istifadəyə verilməsi Pekinin gələcək planlarından xəbər verir:

"Gəminin suya buraxılması mərasimində iştirak edən Çin lideri Si Cinpin hərbi dəniz qüvvələrinin gücləndirilməsi proqramına xüsusi diqqət ayırır. "Fujian" daşıyıcı əsaslı döyüş təyyarələrinin buraxılması üçün elektromaqnit katapult sistemi ilə təchiz edilmiş ilk Çin təyyarədaşıyan gəmisidir. Gəmi müxtəlif növ hərbi təyyarələri daşımaq qabiliyyətinə malikdir.
Çin hərbi dəniz qüvvələrinin istifadəsində "Fujian"la yanaşı, daha iki təyyarədaşıyan gəmi var.

Çin ilk təyyarə daşıyan gəmini vaxtilə ucuz qiymətə Ukraynadan almışdı. Çinin "Liaoning" adını verdiyi gəmi Ukraynaya SSRİ-nin dağılmasından sonra miras qalmışdı. İkinci təyyarədaşıyan "Şandunq" gəmisi "Liaoning"in bazasında Çin tərəfindən müstəqil şəkildə hazırlanıb. Maraqlıdır ki, digər iki gəmidən fərqli olaraq "Fujian" gəmisində Rusiyaya aid hərbi avadanlıq yoxdur. Çin 3 təyyarədaşıyan gəmiyə sahib olmaqla Böyük Britaniya kimi dəniz dövlətini üstələyib. Çin sadəcə ABŞ-dan geri qalır. ABŞ 11 təyyarədaşıyan gəmiyə sahibdir.

ABŞ təyyarədaşıyan gəmiləri dünyanı əhatə edib, Çinin təyyarədaşıyan gəmiləri isə öz sahillərinə yaxın ərazilərdə üzürlər. ABŞ-ın təyyarədaşıyan gəmilərinin Çinin təyyarədaşıyan gəmilərindən digər vacib üstünlüyü də var. ABŞ-ın təyyarədaşıyan gəmiləri atomla işləyən mühərriklərərə malikdir. Bu da ABŞ gəmilərinə uzun məsafələr qət etməyə imkan verir. Çinin təyyarədaşıyan gəmilərindəki mühərriklər isə nüvə yanacağıyla çalışmır. ABŞ-ın təyyarədaşıyan gəmilərinin göyərtələrində 70-yə yaxın təyyarə yerləşdirilə bilər. Çinin təyyarədaşıyan gəmilərində isə bu say 50 civarındadır. Buna baxmayaraq, Çinin təyyarədaşıyan gəmilərinin sayının artması Vaşinqtonu ciddi narahat edir".

Politoloqun fikrincə, bu, Çinin Tayvanı yaxın gələcəkdə nəzarət altına alması planlarından xəbər verir:

"Digər tərəfdən, Çin mühəndisləri yaxın illərdə təyyarədaşıyan gəmiləri üçün nüvə ilə çalışan mühərriklər icadı üzərində işləyirlər. Bu səbəbdən bir sıra ekspertin fikrincə, ABŞ Konqresi Çinlə yarışda Pentaqona daha böyük büdcə ayırmalı olacaq".

Xalidə Gəray
Musavat.com

Chosen
27
musavat.com

1Sources